Cagdas.az məşhur model haqqında maraqlı faktları təqdim edir:
Barbara Palvin 8 oktyabr 1993-cü ildə Macarıstanın paytaxtı Budapeştdə anadan olub. Uşaqlıq illərindən mahnı oxumağa və futbola maraq göstərən modelin moda dünyasına yolu 13 yaşında açılıb.
O, 2006-cı ildə Budapeşt küçələrində kəşf edilib. Həmin il “Spur Magazine” jurnalı üçün ilk fotosessiyasını etdirən Palvin daha sonra Asiyaya köçərək modellik karyerasını orada davam etdirib.
Sonrakı illərdə beynəlxalq moda aləmində tanınmağa başlayan model Milan Moda Həftəsində “Prada”nın podiumuna çıxıb. Bu gün Barbara Palvin gözəlliyi və layihələri ilə moda sənayesinin tanınmış simalarından biri hesab olunur.
Barbara Palvin ilk dəfə 2012-ci ildə ənənəvi “Victoria’s Secret Fashion Show” dəfiləsində podiuma çıxıb. Uğurlu çıxışından sonra brendin çəkilişlərində iştirak etməyə davam edən model 2019-cu ildə rəsmi olaraq “Victoria’s Secret mələyi” (Angel) seçilib. O, bu ada layiq görülən ilk macar model olub.
Bazar günü axşamı keçirilən ilin dəfiləsi hələ də müzakirə mövzusudur. “Mələklər” adlandırılan “Victoria’s Secret” modelləri bu mühüm moda tədbirində, sözün əsl mənasında, bir daha hər kəsi heyran ediblər.
Dəfilənin ən çox diqqət çəkən simalarından biri isə uzun illərdir “Victoria’s Secret” üçün modellik edən Barbara Palvin olub.
Uzun illərdir “Victoria’s Secret” brendi ilə əməkdaşlıq edən Barbara Palvin dəfilədən təxminən altı həftə əvvəl qızı Silvini dünyaya gətirib. Model podiumda üzərində yazılar olan, romantik üslublu, şəffaf çəhrayı gecəlik geyinib. O, görünüşünü həcmli fenlənmiş saçları və çəhrayı tonlarda makiyajla tamamlayıb.
Barbara Palvin “People” nəşrinə açıqlamasında doğuşdan sonrakı altıncı həftəsini tamamladığını bildirib.
“Sabah doğuşdan sonrakı altıncı həftəm tamam olur. ABŞ-də insanların çoxu altı həftənin sonunda artıq işə qayıtmalı olur. Buna görə də bunu şişirtməyə ehtiyac yoxdur”, – deyə model bildirib.
Modelliklə yanaşı, Barbara Palvin aktrisalıq sahəsində də özünü sınayıb.
Onun şəxsi həyatı da zaman-zaman diqqət mərkəzində olub. Modelin 2010-cu ildə macar model Kristof Somfai ilə qısamüddətli münasibət yaşadığı bildirilir. 2012-ci ildə kanadalı müğənni Castin Biber, 2013-cü ildə “One Direction” qrupunun üzvü Niall Horan, 2015-ci ildə isə britaniyalı müğənni Ed Şiranla münasibətdə olduğu iddia edilib.
Palvin 2018-ci ildən amerikalı aktyor Dilan Sprauz ilə münasibətdədir. Cütlük 2023-cü ildə Macarıstanda ailə həyatı qurub. Nikah mərasimi modelin valideynlərinin də evləndiyi kilsədə keçirilib. Evlilikdən sonra Barbara Palvin həyat yoldaşının soyadını götürərək “Barbara Sprouse” (Sprauz ) adından da istifadə etməyə başlayıb.
Cütlüyün Silvi adlı qız övladı var.\ölkə.az\


