Avropa Parlamenti Rusiyanın yeni regionları ilə bağlı qətnamə qəbul edib.
Avropa Parlamenti plenar iclasında Aİ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyini müəyyən edən qətnaməni təsdiqləyib. Qəbul edilmiş sənəd yeni ərazilərin Rusiya Federasiyasının tərkibinə daxil edilməsini tanımamaq öhdəliyini ehtiva edir. Qətnamədə bildirilir ki, istənilən gələcək sülh sazişi Rusiya qoşunlarının Krımdan, Donbasdan, Xerson və Zaporojjya vilayətlərindən çıxarılmasını ehtiva etməlidir.
651 deputatın iştirak etdiyi səsvermə zamanı 401 nəfər sənədin lehinə, 70 nəfər əleyhinə səs verib, 90 deputat isə bitərəf qalıb.
Qətnamədə vurğulanır ki, Avropa İttifaqı və ona üzv olan dövlətlər Rusiyanın “müvəqqəti olaraq işğal olunmuş Ukrayna əraziləri”nin hüquqi yurisdiksiyasını tanımayacaq. Avropa Parlamenti həmçinin Ukraynaya dəyən maddi və qeyri-maddi zərərin Rusiya tərəfindən tam ödənilməsində israrlıdır.
Bundan başqa, sənəd BMT Təhlükəsizlik Şurasının mandatı altında təmas xəttinin hər iki tərəfində BMT-nin sülhməramlı və müşahidəçi missiyasının yerləşdirilməsini nəzərdə tutur. Qətnamədə Aİ ölkələrini Ukraynaya kredit vermək üçün dondurulmuş Rusiya aktivlərindən istifadəyə dair təcili razılığa gəlməyə çağırılır.
Avropa Parlamenti həmçinin təsdiq edir ki, gələcək saziş Ukraynaya NATO-nun 5-ci maddəsində qeyd olunduğu kimi etibarlı təhlükəsizlik təminatları verməlidir və Ukraynanın öz siyasi və müdafiə ittifaqlarını sərbəst seçmək hüququnu bir daha təsdiqləyir. Sənəddə qeyd olunur ki, ABŞ-ın Ukrayna ilə bağlı mövqeyində mövcud olan siyasi qeyri-müəyyənlik davamlı sülhün əldə edilməsi səylərinə xələl gətirir və Aİ bu prosesdə aparıcı rol oynamalıdır.
















