Avropa İttifaqının daimi nümayəndələri Rusiyaya və Belarusa qarşı hazırlanmış 21-ci sanksiyalar paketinin müzakirələrinə başlayıblar. Lakin yaxın vaxtlarda bu paketlə bağlı praktiki qərarın qəbul olunması gözlənilmir.
Çağdaş.Az xəbər verir ki, bu barədə Brüsseldəki diplomatik mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Aİ ölkələrinin səfirləri Avropa Komissiyası tərəfindən təqdim olunan yeni məhdudiyyətlər paketini müzakirə etməyə başlayıblar.
“Bu gün Avropa İttifaqının daimi nümayəndələri Rusiyaya və Belarusa qarşı 21-ci sanksiyalar paketi üzrə Avropa Komissiyasının təkliflərini müzakirə etməyə başlayıblar. Paketin təsdiqlənməsi üçün bütün üzv ölkələrin razılığı tələb olunduğundan müzakirələrin müəyyən vaxt aparacağı gözlənilir”, – deyə diplomat bildirib.
Məlumata görə, Avropa Komissiyası yeni sanksiyalar paketinin iyun ayı ərzində üzv dövlətlər tərəfindən təsdiqlənməsinə çalışır.
İyunun 9-da Avropa Komissiyasının sədri Ursula von der Leyen Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təqdim edib.
Yeni məhdudiyyətlərin əsasən Rusiyanın neft ixracatını və bank sektorunu hədəf aldığı bildirilir.
Bundan əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas paketin iyunun 15-də keçiriləcək xarici işlər nazirlərinin toplantısında qəbul edilməsinin gözlənilmədiyini açıqlamışdı.
Bu səbəbdən Aİ-nin diplomatik xidməti həmin iclas üçün alternativ sanksiya qərarı hazırlayıb. Sənəddə onlarla Rusiya vətəndaşı və şirkətinin qara siyahıya salınması nəzərdə tutulur.
Hazırda Aİ-nin Rusiya ilə bağlı sanksiya siyahısında 2700-dən çox fiziki və hüquqi şəxs yer alır.
Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısına hazırda Rusiya, Ukrayna, Belarus, Çin, Şimali Koreya, Suriya, İran və bir sıra digər ölkələrdən 2700-dən çox fiziki və hüquqi şəxs daxildir. Bu məhdudlaşdırıcı mexanizm Aİ tarixində ən böyükdür və bütün digər Aİ sanksiya rejimlərinin cəmindən çoxdur.
















