Avropa Mərkəzi Bankı əsas faiz dərəcələri ilə bağlı qərarını elan edib. Bank refinans və depozit faizlərini dəyişməyərək sabit saxlayıb. Qərar bazar gözləntilərinə uyğun olub. Eyni zamanda AMB 2026-cı il üzrə inflyasiya proqnozunu 1,7 faizdən 1,9 faizə yüksəldib.
Cagdas.az xəbər verir ki, qərara əsasən, refinans faiz dərəcəsi 2,15 faiz, depozit faizi isə 2 faiz səviyyəsində qorunub.
Avropa Mərkəzi Bankı iqtisadi artımla bağlı proqnozlarını da yeniləyib. Bank 2025-ci il üçün artım gözləntisini 1,4 faizə, 2026-cı il üçün 1,2 faizə, 2027-ci il üçün isə 1,4 faizə qaldırıb.
İnflyasiya ilə bağlı gözləntilərə görə, bu göstəricinin 2025-ci ildə 2,1 faiz, 2026-cı ildə 1,9 faiz, 2027-ci ildə isə 1,8 faiz olacağı proqnozlaşdırılır.
Avropa Mərkəzi Bankının rəhbərliyi vurğulayıb ki, faizlərlə bağlı qərarlar bundan sonra da əsasən iqtisadi göstəricilər və daxil olan məlumatlar əsasında veriləcək.


