Cənubi Afrika Respublikasının Qautenq əyalətində iyul ayından bu yana ölü tapılan qadınların sayı 11-ə yüksəlib. Hüquq-mühafizə orqanları baş verən qətllər arasında əlaqənin olub-olmadığını araşdırır.
Çağdaş.Az xəbər verir ki, son olaraq Sprinqs bölgəsində, Rokana yolu yaxınlığındakı açıq ərazidə bir qadının meyiti aşkarlanıb.
Ərazidə patrul xidməti aparan özəl mühafizə əməkdaşları meyiti gördükdən sonra hadisə yerinə polis çağırılıb.
Qautenq əyalətinin polis komissarı, general-leytenant Tommi Mthombeni ilkin araşdırmalara əsasən, 20 yaşlarında olduğu ehtimal edilən qadının yaxın zamanda öldürüldüyünü bildirib.
Mthombeni həmçinin sentyabrın 26-da Tembisa bölgəsindəki Muifonteyn qəbiristanlığında meyiti tapılan Ntombifuthi Nxumalonun qətli ilə bağlı bir şübhəlinin Limpopo əyalətində saxlanıldığını açıqlayıb.
Bundan əlavə, sentyabrın 17-də Daun Park bölgəsində meyiti aşkarlanan Jabulile Ntimbanın ölümü ilə bağlı iki qadın da həbs edilib.
İyul ayından etibarən bölgədə 11 qadının meyitinin tapılması ölkədə qadınlara qarşı zorakılıq problemini yenidən gündəmə gətirib və etiraz aksiyalarına səbəb olub.
Yerli mediada hadisələrin mümkün serial qatil fəaliyyəti ilə əlaqəli ola biləcəyi barədə fikirlər səsləndirilsə də, polis qətllərin eyni şəxs və ya şəxslər tərəfindən törədilib-törədilmədiyini araşdırır.


