Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişli mühit yarada bilər.
Cagdas.az xəbər verir ki, terapevt Sübhan Hacıyev milli.az-a açıqlamasında bildirib ki, soyuq payız aylarında respirator virus infeksiyalarına yoluxanların sayının artması təbii epidemioloji prosesdir:
“Çünki havaların soyuması bir çox insanları qapalı mühitlərə və məkanlara üz tutmağa sövq edir. Bu da nəticədə hava-damcı yolu ilə keçən bir çox tənəffüs yolu virus infeksiyalarının, respirator sinsitial virus, influenza (qrip), COVID-19 və digər virus infeksiyalarının artması və yayılması riskini artırır”.
S.Hacıyevin sözlərinə görə, bununla bağlı Dünya Səhiyyə Təşkilatı da, bir çox tibbi təşkilatlar da hər zaman xəbərdarlıq edir və qapalı məkanlarda, xüsusilə də ictimai nəqliyyatda insanların sıx olduğu və bir-birinə yaxın təmas etdiyi yerlərdə daha çox qorunmaq lazım olduğunu vurğulayırlar:
“Bunlardan biri də təbii ki, avtobus və digər ictimai nəqliyyat vasitələridir. Burada mən deməzdim ki, sırf həmin yerlərdə olan insanlar xəstəlik daşıyırlar. Sadəcə olaraq, bu məkanlarda yoluxma riski artmış olur”.
Terapevt nəzərə çatdırıb ki, bu vəziyyətlərdə özünü nasaz və xəstə hiss edən insanlar həmin nəqliyyat vasitələrindən istifadə etməməlidirlər. Ümumiyyətlə, məcbur deyillərsə, çölə çıxmamaları yaxşı olar. Çünki havalandırılmayan məkanlarda öskürək, asqırıq, hətta bəzən dərin nəfəs və tənəffüs yolu ilə virus hissəcikləri hava-damcı yolu ilə digər insanlara ötürülə bilər.
Bildirib ki, virusun cəmiyyətdə yayılma səviyyəsi yüksək olduqda, ictimai nəqliyyatdakı sıxlıq bu zənciri daha da sürətləndirə bilər. Nəticə etibarilə çox sayda insan virusa yoluxa bilər. Bu da həm xəstəxanaları, həm əczaçılıq sahəsini, həm də bütün tibb sektorunu bir növ yükləyə bilər:
“Bütün bunları nəzərə alaraq, həkim-terapevt olaraq insanlara evdə edə biləcəkləri profilaktik tədbirlərlə bağlı tövsiyələr vermək istərdim. Birinci növbədə, əgər özlərini nasaz hiss edirlərsə, hər hansı xəstəlik əlamətlərini, hətta yüngül formada belə hiss edirlərsə, yaxşı olar ki, yataq rejimində olsunlar, çölə çıxmasınlar. Xüsusilə də ictimai nəqliyyatdan istifadə etməsinlər. Çünki özləri xəstəliyi yüngül keçirə bilsələr belə, ötürdükləri virus hissəcikləri daha ağır, yaşlı, xroniki xəstəlikləri olan, hamilə və immun sistemi zəif olan insanlarda xəstəliyin ağır gedişinə səbəb ola bilər”.
Eyni zamanda, tövsiyə edib ki, bir çox ictimai nəqliyyatda havalandırma sistemi yüksək səviyyədə qurulsun və bu sistemlərin, xüsusilə də filtrlərin təmizlənməsinə diqqət yetirilsin. Bu da riski ciddi şəkildə azaltmış olur:
“Təbii ki, sübuta əsaslanan tibbin göstəricilərinə görə, bir çox virus infeksiyalarından qorunma yollarından biri vaksinasiyadır. Ölkəmizdə də qripə qarşı vaksinasiya həyata keçirilir. Vaksinasiya olunmuş pasiyentlər ən azı 6 ay, maksimum 1 il bu xəstəlikdən qorunmuş ola bilərlər. Buna görə də vaksinasiyanı ciddi şəkildə nəzərə almaq lazımdır”.
















