Son dəqiqə

Azərbaycanlı İrəvanda toya getdi: yeni faktın üstü açıldı – İlginc detal

Cəmiyyət

Əslən azərbaycanlı olan Rusiya vətəndaşı Turab Zeynalovun İrəvanda dostunun toyunda iştirak etməsi diqqət çəkib. Zeynalovun sözlərinə görə, Ermənistan sərhədçiləri ondan Azərbaycana son səfəri ilə bağlı suallar veriblər. Onun ölkəyə girişinə 3 saatdan sonra icazə verilib.

Bu hadisə Azərbaycan vətəndaşlarının Ermənistana səfər imkanları və sərhəddə qarşılaşa biləcəkləri prosedurlarla bağlı suallar yaradıb.

Cagdas.az  xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan “Uğur” Maarifçilik İctimai Birliyinin sədri, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyib ki, Turab Zeynalovla bağlı məsələdə diqqətçəkən bir məqam var:

“Bu hadisə Azərbaycan vətəndaşlarının Ermənistana səfəri ilə bağlı mühüm hüquqi fərqi gündəmə gətirir. Burada əsas məsələ şəxsin etnik mənsubiyyəti deyil, hansı ölkənin vətəndaşı olması və hansı pasportla səfər etməsidir. Məlumdur ki, Ermənistan və Rusiya arasında vizasız gediş-gəliş rejimi mövcuddur. Rusiya vətəndaşları etibarlı pasportla Ermənistana vizasız daxil ola bilərlər. Turab Zeynalov da Azərbaycan əsilli Rusiya vətəndaşıdır. O, Rusiya pasportu ilə səfər etdiyi üçün Ermənistanın Rusiya vətəndaşlarına tətbiq etdiyi vizasız rejimdən yararlana bilib. Onun Azərbaycan əsilli olması isə ayrıca təhlükəsizlik yoxlamasına səbəb ola bilər. Hesab edirəm ki, üç saat saxlanılmasının da səbəbi məhz budur. Burada maraqlı və vacib hüquqi məqam var. Məsələ ondadır ki, bu gün Azərbaycan vətəndaşları da Ermənistana vizasız daxil ola bilərlər”.

Hüquqşünas bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilmiş viza siyahısında Azərbaycan vətəndaşları da vizadan azad edilən ölkələr sırasında göstərilir:

“Üstəlik, bu güzəşt bütün növ pasportlara aiddir. Fərq ondadır ki, Rusiya vətəndaşları vizasız rejimdən Rusiya ilə mövcud razılaşmalar əsasında yararlanırlar. Azərbaycan vətəndaşları üçün vizasız giriş güzəşti birtərəfli, xüsusi qaydada (ad hoc) tətbiq olunur və rəsmi ikitərəfli sazişlə rəsmiləşdirilməyib. Ermənistanın “Əcnəbilər haqqında” qanununa əsasən, ölkəyə gələn xarici vətəndaşlar sərhəd nəzarətindən keçməli və giriş üçün səlahiyyətli orqanın icazəsini almalıdırlar.

elovset 900x576 1

Əlövsət Allahverdiyev

Bu çərçivədə aşağıdakı məsələlər yoxlanıla bilər:

– şəxsiyyət və pasportun etibarlılığı;

– səfərin məqsədi və müddəti;

– Ermənistanda qalacağı ünvan və qəbul edən şəxslər;

– əvvəlki səfərlər və miqrasiya tarixçəsi;

– təhlükəsizlik baxımından əlavə yoxlamaya ehtiyac olub-olmaması”.

Əlövsət Allahverdiyevin sözlərinə görə, sərhəd orqanı girişə icazə verməkdən imtina edə bilər:

“Yəni vizasız rejim ölkəyə mütləq buraxılmaq hüququ demək deyil. Azərbaycan vətəndaşlarının Ermənistana səfəri üçün rəsmi viza güzəşti mövcuddur. Ancaq siyasi münasibətlərin və təhlükəsizlik amilinin yaratdığı şəraitdə sərhəddə əlavə yoxlamalar və ölkəyə girişdən imtina ehtimalı nəzərə alınmalıdır. Səfərdən əvvəl Ermənistan XİN-dən aktual qaydaları yazılı şəkildə dəqiqləşdirmək məqsədəuyğundur”.