Hər il 2 iyul tarixi Azərbaycanda Polis Günü kimi qeyd olunur. Bu əlamətdar gün ölkədə ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan polis əməkdaşlarının peşə bayramıdır.
Cagdas.az bildirir ki, Azərbaycan Polisi Günü 1998-ci il mayın 24-də imzalanmış Prezident Fərmanı ilə təsis edilib və tarix olaraq 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk milli polis orqanlarının yaradıldığı gün əsas götürülüb.
Bu il Azərbaycan polisinin yaradılmasının 108-ci ildönümü tamam olur. Ötən müddət ərzində daxili işlər orqanları müxtəlif tarixi mərhələlərdən keçərək dövlətçiliyin möhkəmləndirilməsində, ictimai sabitliyin qorunmasında və hüquq qaydasının təmin olunmasında mühüm xidmətlər göstərib. Xüsusilə müstəqillik illərində polis sistemi müasir çağırışlara uyğun inkişaf edib, peşəkarlığın artırılması, maddi-texniki bazanın gücləndirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Azərbaycan polisi təkcə cinayətkarlıqla mübarizə aparan qurum deyil, həm də fövqəladə hallarda, kütləvi tədbirlər zamanı, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində və vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm missiya yerinə yetirir. Vətən müharibəsi dövründə də polis əməkdaşları ön və arxa cəbhədə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək dövlət təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini veriblər.
2 iyul münasibətilə hər il polis əməkdaşlarının peşəkarlığı yüksək qiymətləndirilir, fərqlənən əməkdaşlar dövlət mükafatları və fəxri adlarla təltif olunur, xidmətdə həlak olmuş polis əməkdaşlarının xatirəsi ehtiramla yad edilir.
Bu gün həm də cəmiyyətin təhlükəsizliyi naminə gecə-gündüz xidmət göstərən hüquq-mühafizə orqanlarının əməyinə verilən dəyərin ifadəsi hesab olunur.
















