Bayraktarın NATO-nun Ankarada keçirilən sammitindən dərhal sonra Bakıya gəlməsi diqqət çəkdi; Türkiyə ilə yanaşı İtaliya, Ukrayna, Slovakiya, Çexiya ilə də birgə hərbi istehsala başlanması istiqamətində mühüm işlər görülür
Azərbaycan hərbi əməkdaşlıq coğrafiyasını ardıcıl şəkildə genişləndirir. Son günlər Bakıda baş tutan yüksək səviyyəli görüşlər göstərir ki, ölkə yalnız silah idxal edən dövlət kimi deyil, həm də regional hərbi-sənaye mərkəzi kimi mövqeyini möhkəmləndirmək istiqamətində yeni mərhələyə qədəm qoyur.
Bu kontekstdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İtaliya və Türkiyədən gələn nümayəndə heyətlərini qəbul etməsi xüsusi diqqət çəkir. Görüşlərin məzmunu göstərir ki, söhbət təkcə mövcud əməkdaşlığın davam etdirilməsindən deyil, daha geniş texnoloji və istehsal tərəfdaşlığının formalaşdırılmasından gedir.
İtaliya Müdafiə Nazirliyinin Milli Silahlanma İdarəsinin direktoru admiral Cakinto Ottavianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı müzakirə olundu. Azərbaycan ilə İtaliya arasında hərbi-texniki əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Bunun ən bariz nümunələrindən biri 2025-ci il 8 Noyabr Zəfər paradında nümayiş etdirilən İtaliya istehsalı olan hərbi nəqliyyat təyyarələri idi. Bu əməkdaşlıq Azərbaycanın NATO ölkələri ilə müdafiə sahəsində əlaqələrinin sistemli şəkildə inkişaf etdiyini göstərir.
Lakin daha böyük maraq doğuran hadisə Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktarın Bakıya növbəti səfəri oldu. Səlcuq Bayraktarın Zakir Həsənovla görüş zamanı pilotsuz uçuş aparatları, radioelektron mübarizə sistemləri, pilotsuz platformalar və yeni texnologiyaların birgə istehsalı kimi strateji istiqamətlər ətrafında geniş müzakirələr aparıldı.
Bayraktarın bu səfəri NATO-nun Ankarada keçirilən sammitindən dərhal sonra baş verir. Həmin sammit zamanı Ukrayna prezidenti Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Azərbaycan, Türkiyə və Ukrayna arasında müdafiə sənayesi əməkdaşlığını xüsusi vurğulamış, “dron razılaşmaları”ndan bəhs etmişdi. Bu açıqlamalar fonunda Bakıda keçirilən görüşlər təsadüfi görünmür. Əgər proseslər planlaşdırıldığı istiqamətdə inkişaf etsə, regionda üç ölkənin texnoloji imkanlarını birləşdirən yeni hərbi-sənaye əməkdaşlığı formalaşa bilər. Son illərin bütün müharibələri göstərir ki, müasir döyüş meydanında əsas üstünlük artıq yalnız tank və artilleriya ilə deyil, pilotsuz sistemlər, süni intellekt və yüksək dəqiqlikli zərbə vasitələri ilə müəyyən edilir.
Rəsmi Bakı artıq yalnız ordunun təminatını deyil, həm də hərbi məhsulların ixracını prioritet istiqamətlərdən biri elan edib. Məqsəd silah ixracının illik həcmini 1 milyard dollara çatdırmaqdır. Bu baxımdan Türkiyə və potensial olaraq Ukrayna ilə yüksək texnologiyalar sahəsində qurulacaq istehsal zənciri Azərbaycanın beynəlxalq silah bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər.

Referans MEDİA-nın məlumatına görə, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a dedi ki, Cənab Prezident IV Şuşa Qlobal Media Forumunda dünyanın qlobal təlatümlərinə münasibətdə “sakit həyat olmayacaq” fikrini səsləndirmişdi: “Azərbaycanı uzun illər Qarabağ Zəfərinə hazırlayan, iqtisadi-enerji və hərbi imkanlarını qalib siyasətin realizasiyasına səfərbər edən bir Lider yeni geosiyasi reallıqlar fonunda ölkəmizin hərbi imkanlarının daha da genişləndirilməsinin vacibliyini strateq duyumu ilə hiss edir. Odur ki, ölkəmizin müdafiə qabiliyyətinin və hərbi məhsulların ixracının artırılması, ordumuzun NATO standartlarında inkişaf etdirilməsi, arsenalımıza yeni silahların qəbul edilməsi, o cümlədən hərbi potensialın strateji tərəfdaşlarla birgə istehsal üsulu ilə daha da artırılması qarşıdakı dövrdə dövlətimizin əsas fəaliyyət istiqamətləri arasında yer alır. Hazırda Azərbaycan yüzdən artıq hərbi məhsul istehsal edir və onların bir qismi ixrac olunur. Xüsusilə Türkiyə ilə birgə istehsalın vacib əhəmiyyət daşıdığını qeyd etmək lazımdır. Qarşıdakı dövrdə Türkiyə ilə yanaşı İtaliya, Ukrayna, Slovakiya, Çexiya ilə də birgə hərbi istehsala başlanması istiqamətində mühüm işlər görülür. Xüsusilə Türkiyə-Ukrayna-Azərbaycan üçtərəfli əməkdaşlığı üzərində dayansaq, qeyd etmək lazımdır ki, burada Rusiya-Ukrayna müharibəsi və Azərbaycanın ədalətli, beynəlxalq hüquqa uyğun mövqeyi vacib məqam olaraq dəyərləndirilir. O cümlədən Qarabağ Zəfərindəki təcübənin mübadiləsi ikitərəfli hərbi əməkdaşlığa yeni çalar qatır. Belə ki, Qarabağ müharibəsi PUA-ların kütləvi istifadəsinin qlobal müharibə strategiyalarında mühüm dönüş nöqtəsi oldu. Artıq müharibələrdə sadəcə PUA-ların tətbiqi deyil, o cümlədən anti-PUA sistemlərinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Türkiyə və Ukrayna ilə birgə bu sistemləri yaratmaq və inkişaf etdirmək istiqamətində əməkdaşlığı bir daha qlobal müharibə strategiyalarında dönüş yarada biləcək potensialı özündə daşıyır. Həmçinin İtaliya, Slovakiya, Çexiya Azərbaycanın Avropa İttifaqındakı əsas strateji tərəfdaşları arasında yer alırlar. Bu ölkələrlə birgə istehsal Azərbaycanın Qərbin hərbi imkanlarından faydalanmağa imkan verəcək. Ermənistanın xüsusilə Fransa ilə artan hərbi-strateji əməkdaşlığı fonunda Azərbaycanın bu siyasəti mühüm çəkindirmə vasitəsi olaraq dəyərləndirilə bilər. Hərbi-siyasi qüdrətimizin, Cənubi Qafqazda liderliyimizin qorunması həm də Zəfərimizin qorunması üçün əsas təminat olacaqdır”./Musavat.com/
















