Cagdas.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) deyib.
Onun sözlərinə görə, hınçu 10 APT qrupunun fəaliyyəti ətraflı araşdırılıb: “Ölkə səviyyəsində kibertəhdid və insidentlər barədə məlumat mübadiləsini təmin edən xüsusi platformaya 60 qurum qoşulub, platforma vasitəsilə 28 mindən çox təhdid indikatoru paylaşılıb. Bu göstəricilər kibertəhdidlərin miqyası və onlara qarşı əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini bir daha nümayiş etdirir. Bununla yanaşı, əsas hədəfimiz yalnız təhdidlərin aşkarlanması deyil, onların qarşısının qabaqcadan alınması və mümkün insidentlərin dövlət xidmətlərinə təsirinin minimuma endirilməsidir”.
S. Əsədov bildirib ki, bu istiqamətdə hüquqi baza da ardıcıl olaraq təkmilləşdirilməkdədir: “2024-cü ilin 14 iyul tarixli qanunu ilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində institusional idarəetmənin təkmilləşdirilməsi, kibertəhdidlərə qarşı vahid koordinasiya mexanizmlərinin, Milli CERT, Milli SOC və rəqəmsal tədqiqat mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Kibertəhlükəsizliyin təmin edilməsində texnoloji vasitələrlə yanaşı, insan kapitalının inkişafı da mühüm rol oynayır”.
S.Əsədov informasiya mühitində dezinformasiyanın və məqsədyönlü informasiya manipulyasiyalarının yaratdığı risklərin vaxtında müəyyən edilməsi xüsusi əhəmiyyət daşıdığı qənaətindədir: “Bu təhdidlərin sərhəd tanımadığını nəzərə alaraq, onlara qarşı mübarizədə beynəlxalq əməkdaşlıq artıq seçim deyil, zərurətdir. Baş verən dəyişikliklər və tətbiq olunan yeniliklər ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin daha da təkmilləşdirilməsinə, müasir çağırışlara hazırlıq səviyyəsinin artırılmasına xidmət edən “Azərbaycanın İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üzrə Strategiyası” və “Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə fəaliyyət planı” üzrə müəyyən olunan hədəflər bütün aidiyyəti qurumlar tərəfindən icra olunmaqdadır. Qeyd olunan istiqamətlərdə əsas məqsədimiz ölkənin kibertəhlükəsizlik potensialının gücləndirilməsi, kibertəhdidlərin aşkarlanması və insidentlərə koordinasiyalı cavabvermə mexanizmlərinin inkişaf etdirilməsidir. Bu məqsədlə texniki araşdırmaların aparılması, kibertəhdidlər barədə məlumatların təhlili, təhlükəsizlik boşluqlarının müəyyən edilməsi və aidiyyəti tərəflərə operativ məlumat mübadiləsinin təşkili xüsusi əhəmiyyət daşıyır”.
Texnologiyaların sürətli inkişafının dövlətlərin iqtisadi, siyasi və təhlükəsizlik prioritetlərinə əsaslı təsir göstərdiyini deyən nazir müavini bu gün texnoloji üstünlüyün yalnız innovasiya və iqtisadi inkişaf göstəricisi deyil, eyni zamanda strateji təsir və milli təhlükəsizlik amili olduğunu hesab edir: “Xüsusilə süni intellektin müxtəlif sahələrə inteqrasiyası beynəlxalq münasibətlərin xarakterini, dövlətlər arasındakı güc balansı və kiberməkanda mövcud təhlükəsizlik yanaşmalarını dəyişdirir. Azərbaycan Prezidenti İlham Əliyev müasir dövrdə ideoloji işin aparılmasının, bu sahədə formal yanaşmalardan uzaqlaşmağın və yeni metodların tətbiqinin vacibliyini vurğulayıb. Ən müasir müdafiə sistemləri belə istifadəçilərin rəqəmsal təhlükəsizlik qaydalarına əməl etmədiyi şəraitdə arzuolunan nəticəni təmin edə bilmir. Bu səbəbdən kibertəhlükəsizlik üzrə maarifləndirmə, peşəkar kadr potensialının artırılması və ümumilikdə cəmiyyətin rəqəmsal savadlılığının inkişafı uzunmüddətli təhlükəsizlik strategiyamızın ayrılmaz bir hissəsidir”.\ölkə.az


