Paytaxtın Suraxanı rayonunda yerləşən “Suraxanı bazarı”nın söküntüsünə başlanılıb. Bununla bağlı redaksiyamıza bir sıra görüntülər göndərilib. İddialara görə, söküntüyə səbəb sözügedən ərazidən keçən dəmiryolu xəttinin bərpasıdır.
Cagdas.az bildirir ki Məsələ ilə bağlı Manset.az “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirilir:
“Dövlət Proqramına əsasən, Yeni Suraxanı–Hövsan və Bakıxanov–Binə–Qala dəmir yolu xətlərinin bərpası işləri çərçivəsində bəzi tikililərin dəmir yolunun mühafizə zonasına düşməsi barədə aidiyyəti üzrə məlumat verilib. Mühafizə zonasında təhlükəsizliyin təmin edilməsi üçün müvafiq qurumlarla birgə iş aparılır”.
ADY-dən verilən məlumatda qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində Zabrat–Maştağa–Bağlar xəttinin bərpası üzrə də işlər davam etdirilir.
















