Azərbaycanda qırmızı ətin qiymətində davamlı artım artıq əhalinin gündəlik xərclərinə ciddi təsir göstərir. Bir vaxtlar hər ailənin süfrəsində mütəmadi yer alan qırmızı ət indi bir çox insan üçün əlçatmaz məhsula çevrilmək üzrədir. Ekspertlər xəbərdarlıq edir ki, mövcud vəziyyət davam edərsə, yaxın illərdə qırmızı ət yalnız xüsusi günlərdə alınan məhsul statusu qazana bilər.
Bəs dövlətin kənd təsərrüfatı və qiymət siyasəti bu artımın qarşısını almağa qadirdirmi?
Cagdas.az xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qırmızı ətin bahalaşması həm Azərbaycanda, həm də dünyada müşahidə olunan iqtisadi proseslərin nəticəsidir.
“Yem qiymətlərinin artması, yanacaq və nəqliyyat xərclərinin bahalaşması, idxaldan asılılıq, eləcə də fermerlərin istehsal xərclərinin yüksəlməsi bazarda qiymətlərə birbaşa təsir edir.
Əhalinin alıcılıq qabiliyyəti isə eyni sürətlə artmadığı üçün qırmızı ət bir çox ailə üçün əvvəlki qədər əlçatan görünmür. Bu tendensiya uzun müddət davam edərsə, qırmızı ət gündəlik istehlak məhsulundan daha çox xüsusi hallarda alınan məhsula çevriləcək.
Bu artıq müəyyən ailələrdə müşahidə olunur. İnsanlar daha ucuz alternativlərə – toyuq əti və digər məhsullara üstünlük verməyə başlayırlar”.
Akif Nəsirlinin fikrincə, problemin qarşısını almaq üçün ilk növbədə yerli heyvandarlığın dəstəklənməsi vacibdir.
“Yem istehsalının artırılması, fermerlərə subsidiyaların daha effektiv verilməsi və bazarda rəqabətin gücləndirilməsi əsas çıxış yollarından hesab olunur. İdxal xərclərinin azaldılması və logistika sisteminin yaxşılaşdırılması da qiymətlərin stabilləşməsinə müsbət təsir göstərəcək.
Dövlət müəyyən proqramlar həyata keçirsə də, nəticələrin qısa müddətdə hiss olunmaması həm qlobal iqtisadi təsirlərlə, həm də kənd təsərrüfatında problemlərin uzun illər ərzində formalaşması ilə əlaqələndirilir”.
Ekspert bazarda vasitəçilərin çoxluğunu və qiymət zəncirində şəffaflığın zəif olmasını da əsas problemlərdən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, istehsalçı ilə satış qiyməti arasında yaranan ciddi fərq cəmiyyətdə narazılığı artırır. Akif Nəsirli vurğulayıb ki, kənd təsərrüfatında atılan addımların nəticəsi adətən uzun müddətdən sonra hiss olunur və bu sahədə davamlı, sistemli siyasət həyata keçirilməlidir.














