İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında qayda təsdiqlənib.
Cagdas.az -ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Qərara əsasən, investisiya şirkətinin davamlı kapital tələbinin hesablanma qaydası onun kateqoriyasına əsasən müəyyən ediləcək.
İnvestisiya şirkətinin məcmu kapitalının strukturuna birinci (I) dərəcəli (əsas məcmu kapital) və ikinci (II) dərəcəli kapital (əlavə məcmu kapital) daxildir.
Məcmu kapital I və II dərəcəli kapitala daxil olan komponentlərin cəmi ilə məcmu kapitaldan tutulmaların fərqinə bərabərdir.
İnvestisiya şirkətinin Müşahidə Şurası və icra orqanı məcmu kapitalın investisiya şirkətinin üzləşdiyi bütün risklərin səviyyəsinə uyğun həcmdə, bu Qaydada müəyyənləşmiş minimum miqdardan az olmayaraq saxlanmasına riayət olunmasını təmin etməlidir.
Aşağıdakı xidmətlərdən hər hansı birini göstərən və müştəri aktivləri istisna olmaqla, ötən təqvim ili üzrə aktivlərin bazar dəyəri ilə hesablanmış cəmi məbləğinin ədədi ortası 50 000 000 (əlli milyon) manatdan artıq olan investisiya şirkətləri I kateqoriyalı investisiya şirkəti hesab edilir:
– qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
– mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması.
– I kateqoriyalı investisiya şirkətlərinə aid edilməyən digər investisiya şirkətləri II kateqoriyalı investisiya şirkəti kimi təsnifləşdirilir.
– I kateqoriyalı investisiya şirkətlərinin davamlı kapital tələbi onun kredit riskləri, bazar riskləri, əməliyyat riskləri, hesablaşma və kontragent riskləri, habelə konsentrasiya risklərinə qarşı hesablanmış kapital tələblərinin cəminə bərabərdir.
– II kateqoriyalı investisiya şirkətlərinin davamlı kapital tələbi onun nizamnamə kapitalının minimum miqdarı, audit olunmuş illik maliyyə hesabatları əsasında hesablanmış əməliyyat və inzibati xərclərinin 25 faizi həcmində və K-faktor tələblərinin ən böyüyünə bərabərdir.
Kredit riski üzrə kapital tələbinin hesablanması zamanı risk bu Qaydaya uyğun olaraq kateqoriyalara bölünür, hər bir kateqoriya üzrə risk çəkisi müəyyən edilir və cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 8%-i həddində kredit riski üzrə kapital tələbi müəyyən edilir.
Aktivlər üzrə risk çəkisi risk keyfiyyətindən asılı olaraq müəyyən olunur.
Bir aktiv üzrə birdən çox kredit reytinqi mövcud olduqda, onların arasından minimum kredit reytinqi nəzərə alınır.
Paylarının (səhmlərinin) 51 (əlli bir) və daha artıq faizi dövlətə məxsus hüquqi şəxslər tərəfindən emissiya edilmiş istiqrazların risk çəkisi 50% müəyyən edilir.
Digər balans aktivləri risk qruplarına aşağıdakı xüsusiyyətlərindən asılı olaraq aid edilir:
0 (sıfır) faizli (0,0 əmsallı) risk qrupu:
– Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızlar, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) buraxdığı təmin edilmiş qiymətli kağızlar;
– beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş “AAA” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızların təmin olunmuş hissəsi;
– aktivin Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, dövlət və Mərkəzi Bankın zəmanəti, habelə Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar ilə qeyd-şərtsiz təmin olunmuş hissəsi;
– aktivlərin Azərbaycan Respublikasının milli valyutası ilə təmin edilmiş hissəsi.
20 (iyirmi) faizli (0,2 əmsallı) risk qrupu:
– 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızların təmin olunmuş hissəsi;
– Fondun buraxdığı təmin edilməmiş qiymətli kağızlar;
– Azərbaycan Respublikasının bələdiyyə istiqrazları;
– Azərbaycan Respublikasında kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış istiqrazlar.(Oxu.Az)
















