Pensiyaların artırılması, ödəniş tarixləri, indeksləşdirmə, bank kartları və sosial müavinətlər… Bu mövzularda yayımlanan xəbərlərdə eyni sima ilə tez-tez rastlaşırıq: başında tünd rəngli papaq, gözündə eynək, əynində damalı köynək olan yaşlı kişi bankomatdan pul çıxarır.
Cagdas.az fotonun tarixçəsini araşdırıb.
Məlum olub ki, pensiya xəbərlərinin az qala dəyişməz qəhrəmanına çevrilən kişinin Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Foto serbiyalı fotoqraf Dobo Kristian tərəfindən çəkilib. Şəkil 26 sentyabr 2016-cı ildə “bankomata kredit kartı daxil edən yaşlı kişi” təsviri ilə əvvəlcə “Shutterstock”, daha sonra “iStock” foto platformasına yerləşdirilib.

Şəklin ilkin izahında kişinin adı, peşəsi və pensiyaçı olub-olmaması barədə heç bir məlumat göstərilməyib. Buna baxmayaraq, bankomat qarşısında çəkilməsi və yaşlı görünməsi səbəbindən foto qısa müddətdə pensiyalarla bağlı xəbərlərin əsas illüstrasiyalarından birinə çevrilib.
Bu gün onu pensiya artımı, ödəniş qrafiki, bank kampaniyası, sosial yardım və maaş kartları ilə bağlı saysız-hesabsız xəbərdə görmək mümkündür.
Türkiyəli media ombudsmanı Faruk Bildirici də fotonun tarixçəsini araşdırıb. Onun müəyyənləşdirdiyinə görə, şəkil Türkiyə mediasında ilk dəfə 2017-ci ildə “Milliyet” qəzetində yayımlanıb.
Sonrakı illərdə “Akşam”, “Hürriyet”, “Sabah”, “Haber7”, “Halk TV”, “Gerçek Gündem” və başqa media qurumları bu fotodan dəfələrlə istifadə ediblər. Şəkil hətta Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin səhifəsində və “Ziraat Bankası”nın materiallarında da yer alıb.

Foto o qədər çox istifadə olunub ki, Türkiyə mediası həmin naməlum kişini “Türkiyənin və dünyanın ən məşhur pensiyaçısı” adlandırıb.
Araşdırma zamanı fotodakı şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Onun adı foto platformalarında da qeyd edilməyib.

Eyni foto Türkiyə və Azərbaycanla yanaşı, Portuqaliya, Ukrayna və İspaniya kimi ölkələrdə də sosial ödəniş və pensiya xəbərlərinin illüstrasiyası kimi istifadə olunub. Beləcə, kimliyi bilinməyən bir kişi müxtəlif ölkələrin mediasında “yerli pensiyaçı”ya çevrilib.
Fotoqrafın çəkdiyi digər şəkillərdə həmin kişinin dondurma yediyi də görünür. Onun dondurmanı bank kartından pul çəkdikdən sonra aldığı deyilir.\modern.az\
















