Yerə tökülən qaya parçaları, məhv olan ağaclar və tarazlığını itirən ərazi…
Cagdas.az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda daha bir ərazidə sürüşmə təhlükəsi yaranıb.
Sakinlərin sözlərinə görə, təhlükəli vəziyyət uzun müddətdir davam edir və ərazidə inşa olunmuş evlər üçün ciddi risk yaradır. Xüsusilə, evlərdən biri üçün təhlükə daha böyükdür. Bildirilir ki, bir müddət əvvəl sakinlərin müraciətindən sonra ərazidə bəndləmə işləri aparılıb.
Bu müdaxilədən sonra vəziyyət müvəqqəti olaraq stabilləşsə də, son günlər yağan intensiv yağışlar səbəbindən sürüşmə yenidən aktivləşib.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, güclü yağışlardan sonra Elşən Süleymanov küçəsi, 137/1 ünvanında torpaq qatının dayanıqlığı pozulub və ərazidə uzun illər əvvəl inşa olunmuş fərdi yaşayış evləri üçün sürüşmə təhlükəsi yaranıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət edilib.
Qeyd olunub ki, daha təhlükəli vəziyyətdə olan fərdi yaşayış evi uzun illər əvvəl özbaşına və qanunsuz şəkildə tikilib, bu səbəbdən onun heç bir sənədi yoxdur.
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib. Araşdırma nəticəsində müəyyən olunub ki, ev tikinti norma və qaydalarının tələbləri pozulmaqla kəskin relyefli ərazidə inşa edilib. Məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.(Sfera.az)
















