17–22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının tədbir məkanı olan Bakı Olimpiya Stadionuna rahat və fasiləsiz gediş-gəlişi təmin etmək məqsədilə “Koroğlu” Nəqliyyat Qovşağı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Cagdas.az xəbər veriri ki bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, 14 may saat 06:00-dan etibarən WUF13 tədbiri ilə əlaqədar xüsusi K1 servis avtobusu 24/7 rejimində “Koroğlu” Nəqliyyat Qovşağı ilə Bakı Olimpiya Stadionu (BOS) arasında sərnişin daşımalarını həyata keçirəcək.
WUF13 tədbir məkanına ən yaxın və əsas nəqliyyat qovşağı hesab olunan “Koroğlu” iştirakçılar üçün Bakı Metropoliteni, ADY-nin şəhərətrafı dəmir yolu xidmətləri və şəhər avtobus marşrutları vasitəsilə rahat və inteqrasiya olunmuş nəqliyyat bağlantısı təqdim edir.
K1 servis avtobusu “Koroğlu” Nəqliyyat Qovşağında yerləşən Avtobus Nəqliyyat Mübadilə Mərkəzinin 4A perronundan hərəkət edir.
Xüsusi servis avtobuslarından akkreditasiyadan keçmiş WUF13 iştirakçıları ödənişsiz istifadə edə biləcəklər. Akkreditasiya kartı olmayan iştirakçılar qeydiyyatın təsdiqləndiyini göstərən məktubu təqdim edərək nəqliyyat xidmətindən ödənişsiz istifadə edə bilərlər.
WUF13 çərçivəsində həyata keçiriləcək xüsusi nəqliyyat həlləri iştirakçıların tədbir məkanına təhlükəsiz, komfortlu və çevik şəkildə çatmasına imkan yaradacaq.(modern.az)
















