Son dövrlər Bakıda avtomobillərin pulsuz parklanma yerlərinin sayında azalma müşahidə edilir. Sürücülər bildirirlər ki, şəhərin əksər ərazilərində parklanma yerləri ödənişli edilib və belə yerlərin sayında artım baş verir. Ümumi dinamika onu göstərir ki, paytaxtın işlək küçələrində pulsuz dayanma sistemi tədricən tam aradan qaldırılacaq.
Cagdas.az xəbər veriri ki sfera.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bunun normal hal olduğunu və belə bir sistemin tətbiqinin zərurətdən yarandığını bildirdi:
“Müxtəlif zonalar üzrə saatlıq parkinq sistemi dünyanın müxtəlif şəhərlərində tətbiq olunur. Zona üzrə saatlıq parkinq sisteminin əsas mahiyyəti ondan ibarətdir ki, insanlar fərdi nəqliyyatdan daha çox ictimai nəqliyyata üstünlük versinlər. Bu istiqamətdə artıq dövlət proqramı da mövcuddur. Həmin proqram müxtəlif ictimai nəqliyyat növlərinin inkişafını özündə ehtiva edir. İlkin olaraq islahatı iki hissəyə bölsək, daha tez nəticə verən həllər küçə transformasiyasıdır. Buraya ayrılmış avtobus zolaqları, ayrılmış mikromobillik zolaqları və parkinqin zona üzrə saatlıq təşkili daxildir. Sərt islahat isə relsli nəqliyyat növlərinin inkişafıdır ki, bu da dövlət proqramında nəzərdə tutulub: metropoliten şəbəkəsinin genişləndirilməsi, dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsi, intensivliyin artırılması, yeni qatarların alınması, tramvay şəbəkəsinin formalaşdırılması, avtobus marşrutlarının optimallaşdırılması və sayının artırılması, həmçinin avtoparkın yenilənməsi”.

Ekspert son 1 il ərzində avtoparkın sürətlə yeniləndiyini qeyd edib və Bakı şəhər iyerarxiyasının hansı istiqamətlər üzrə qurulduğunu vurğulayıb:
“Müasir şəhərlərin iyerarxiyasına baxdıqda görürük ki, piyada ən üst pillədədir. Ondan sonra mikromobillik gəlir, daha sonra müxtəlif ictimai nəqliyyat növləri gəlir. Sonrakı pillədə taksi və paylaşılan nəqliyyat növləri, ən sonda isə fərdi nəqliyyat dayanır. Şəhər də məhz bu prinsiplərə uyğun qurulur. Mövcud sənədlərə baxdıqda görürük ki, Bakının qarşıdakı illər üçün əsas hədəfi avtomobil mərkəzli şəhərdən insanyönümlü şəhərə keçiddir. Görülən işlər də bu istiqamətdə aparılır. Bu səbəbdən parkinq yerləri və ümumilikdə şəhərdə həyata keçirilən işlər “rəqəmsal ekiz” (digital twin) adlanan alət vasitəsilə analiz olunur. Bu alətə müxtəlif mənbələrdən məlumatlar toplanır və axınlar müəyyən edilir. Buraya “Waze”, “BakıKart”, GSM şəbəkələri və APARD-dan əldə olunan məlumatlar daxildir. Müəyyən olunur ki, insanlar hansı nəqliyyat növlərindən nə qədər istifadə edirlər və buna əsasən müxtəlif simulyasiya proqramları vasitəsilə küçələr transformasiya olunur, yeni layihələr icra edilir ki, şəhərdəki hərəkət disbalansı dəyişsin. Əgər bu günə qədər insanların böyük əksəriyyəti fərdi nəqliyyatdan istifadə edirdisə və bu da uzunmüddətli tıxaclara səbəb olurdusa, alternativ olaraq yeni layihələr hazırlanır. Məqsəd odur ki, insanlar üçün fərqli hərəkət imkanları yaradıldıqca onlar bu istiqamətə yönləndirilsinlər. Parkinq siyasəti də bu prosesin ayrılmaz tərkib hissəsidir. Məsələn, istilik xəritəsində görünür ki, şəhərin Əhmədli massivindən mərkəzə doğru, eləcə də şimal istiqamətindən mərkəzə doğru böyük təzyiq mövcuddur. Bunun aradan qaldırılması üçün dövlət proqramında məhz həmin istiqamətlər üzrə metronun inkişafı nəzərdə tutulub ki, daha çox insanın hərəkəti təmin olunsun. Bundan əlavə, avtomobil səfərlərinin əksəriyyətinin qısa məsafəli olması da şəhərə əlavə yük yaradır. Bunun qarşısını almaq üçün müxtəlif layihələr icra olunub. İlkin mərhələdə avtobus zolaqları və mikromobillik zolaqları təşkil edilib, həmçinin zona üzrə saatlıq parkinq sistemi tətbiq olunub. Gələcəkdə isə dairəvi yolların tikintisi başa çatdıqdan sonra şəhərin giriş nöqtələrində “Park and Ride” (“Park et və səfərini ictimai nəqliyyatla davam et”) kimi həllərin tətbiqi də nəzərdə tutulub”.
Bəzi iddialara görə, parklanma yerlərində qiymətlər artırılıb. Məsələ ilə bağlı Sfera.az AYNA-ya sorğu göndərib.
Sorğuya cavab olaraq bildirilib ki, parklanma qiymətinin artması ilə bağlı fikirlər tamamilə yanlışdır. Belə ki, parklanma ilə bağlı qiymətlər Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərarında əks olunub və bununla bağlı 2023-cü ildən etibarən hər hansı dəyişiklik edilməyib:
“Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə mərkəz daxil olmaqla ümumilikdə 5 parklanma zonası (mərkəz, 1, 2, 3, 4) müəyyən edilib. 4-cü zona ödənişsiz zona sayılır və zonaların konkret əraziləri qərarda öz əksini tapıb. AYNA tərəfindən Bakı şəhərində 4-cü zona üzrə ödənişsiz parklanma yerləri də təşkil edilir. Hazırda ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir. Ödənişli parklanma ərazilərində isə ödənişsiz parklanmanın təşkili mümkün deyil, çünki ödənişsiz parklanma Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yalnız 4-cü zonada yaradıla bilər”.
Məlumatda bildirilib ki, 100 metr məsafədə yerləşən yaşayış evləri və ya binalara qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər:
“Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”na uyğun olaraq təşkil edilib. Beynəlxalq təcrübəyə əsasən, ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi ərazilərdə tətbiq edilir. “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur”.
















