2025-ci ildə Azərbaycanda cinayət törətmiş şəxslərin sayı 21 min 31 nəfər olub. Onların böyük hissəsini kişilər, 30 yaşdan yuxarı şəxslər və əmək qabiliyyətli, lakin işləməyən şəxslər təşkil edib.
Cagdas.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci ilə dair hüquqpozmalar statistikasında yer alıb.
Rəsmi rəqəmlərə görə, ötən il cinayət törətmiş şəxslərin 19 min 694-ü kişi, 1337-si qadın olub. Yaş bölgüsünə baxdıqda isə 14-17 yaş arasında 478 nəfər, 18-29 yaş arasında 5 103 nəfər, 30 və yuxarı yaş qrupunda isə 15 min 450 nəfər cinayət törədib. Bu da göstərir ki, cinayət törədənlərin əsas hissəsi 30 yaşdan yuxarı şəxslərdir.
Statistika məşğulluq vəziyyəti baxımından da diqqət çəkir. Belə ki, 2025-ci ildə cinayət törədənlər arasında fəhlələrin sayı 878, qulluqçuların sayı 421, kənd təsərrüfatı işçilərinin sayı 24, təhsil alanların sayı isə 28 nəfər olub. Ən böyük qrup isə əmək qabiliyyəti olan, lakin işləməyən və təhsil almayan şəxslərdir. Bu kateqoriyada 10 min 856 nəfər qeydə alınıb. Digər məşğulluq növləri üzrə isə 8 min 824 nəfər cinayət törədib.
Cinayət növlərinə görə bölgüdə ilk yeri yenə narkotiklə bağlı cinayətlər tutur. Belə ki, 2025-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törədən şəxslərin sayı 5 657 nəfər olub. Bu göstərici digər bütün əsas cinayət növlərindən yüksəkdir.
Ötən il yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğuna görə 2 517 nəfər cinayət törədib. Onlardan 429 nəfərin əməli zərərçəkənin ölümü ilə nəticələnən hadisələrlə bağlı olub.
Bundan başqa, 2025-ci ildə oğurluq üzrə 1966, dələduzluq üzrə 2324, xuliqanlıq üzrə 700, qəsdən sağlamlığa ağır zərər vurma üzrə 260, qəsdən adam öldürmə və adam öldürməyə cəhd üzrə 243 nəfər cinayət törədib. Zorlama və zorlamağa cəhd üzrə 21, soyğunçuluq üzrə 121, quldurluq üzrə isə 112 nəfər qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə cinayət törətmiş şəxslərin sayı 22 min 485, 2023-cü ildə isə 25 min 6 nəfər olub. Beləliklə, son iki ildə bu göstəricidə azalma müşahidə edilsə də, cinayət törədənlər arasında işsiz və təhsil almayan şəxslərin, eləcə də narkotiklə bağlı cinayətlərin üstünlük təşkil etməsi diqqət çəkən məqamlardan biri olaraq qalır.(modern.az)
















