Xüsusi prezident nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın Kiyevi hərbi əməliyyatları davam etdirməyə təşviq etməklə Ukrayna münaqişəsinin dinc yolla həllini aktiv şəkildə sabotaj etməyə çalışdığını bildirib.
Kirill Dmitriyev “X” sosial şəbəkəsindəki səhifəsində Vladimir Zelenskinin ərazi məsələsində hələ kompromisə nail olunmadığı barədə bəyanatını şərh edib. Rusiya elçisi bu zaman 2022-ci ildə Londonun Ukrayna münaqişəsinin dinc yolla həllinə mane olmaqdakı rolunu xatırladıb.
“Deja vu: 2022-ci ildə Böyük Britaniyanın Baş Naziri Boris Conson Ukraynaya təzyiq edərək Rusiyayla neytrallıq razılaşmasını rədd etməyə və döyüşü davam etdirməyə vadar etdi. Qlobalistlər, Böyük Britaniya və Aİ bürokratları, neokonservatorlar, hərbi-sənaye kompleksi və əsas media sülhə qarşı kütləvi mübarizə aparır,” – deyə Dmitriyev qeyd edib.
Bundan əvvəl Zelenski bəyan etmişdi ki, Avropa liderləri ilə keçirdiyi görüş zamanı yenilənmiş sülh planı hazırlanıb və bu sənəd çərşənbə axşamı axşam saatlarında ABŞ tərəfinə təqdim olunacaq. Onun sözlərinə görə, “plan 28 bənddən 20-yə endirilib”, lakin ərazi məsələsində kompromis hələ əldə olunmayıb.


