Oktyabrın 24-ü romantik şeirin və mənzum dramaturgiyanın görkəmli yaradıcısı Hüseyn Cavidin doğum günüdür. Onun adı Azərbaycan ədəbiyyatında yalnız ölməz əsərləri ilə deyil, həm də repressiyalarla dolu faciəli həyat hekayəsi ilə yaşayır.

Xatırladaq ki, Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda, ruhani ailəsində dünyaya gəlib. Əsl adı Hüseyn Abdulla oğlu Rasizadə olan gələcək şair ilk təhsilini mollaxanada alıb, ərəb və fars dillərini öyrənib. Daha sonra maarifçi Məhəmməd Tağı Sidqinin yaratdığı “Məktəbi-tərbiyə”də təhsilini davam etdirib. Bu məktəb onun dünyəvi biliklərə yiyələnməsində, ədəbiyyata və ictimai həyata fərqli baxış qazanmasında mühüm rol oynayıb.
Gənc yaşlarından şeirə maraq göstərən Cavid ilk qələm təcrübələrində “Gülçin” və “Calik” təxəllüslərindən də istifadə edib.1899–1903-cü illərdə Təbrizdəki “Talibiyyə” mədrəsəsində təhsil alan şair Şərq ədəbiyyatı və fəlsəfəsi ilə bağlı biliklərini dərinləşdirib. 1906-cı ildə İstanbula gedərək universitetin ədəbiyyat şöbəsində oxuyub və 1909-cu ildə təhsilini başa vurub.
Müxtəlif şəhərlərdə müəllimlik edən Cavid 1915-ci ildən Bakıda fəaliyyət göstərib. 1913-cü ildə nəşr olunan “Keçmiş günlər” adlı ilk şeir kitabı onun ədəbi yaradıcılığında mühüm mərhələ olub. Lakin ona böyük şöhrət qazandıran əsas əsərləri dramaturgiya sahəsində yazdıqlarıdır.
“Şeyx Sənan”dan “İblis”ə
Hüseyn Cavidin yaradıcılığında insanın azadlığı, sevgi, ədalət, inanc və mənəvi məsuliyyət məsələləri xüsusi yer tutur. O, əsərlərində yalnız yaşadığı dövrün problemlərini əks etdirmir, insanlığın qarşısında duran ümumbəşəri suallara da cavab axtarırdı.
1914-cü ildə yazdığı “Şeyx Sənan” faciəsi Azərbaycan mənzum dramaturgiyasının inkişafında mühüm yer tutur. Əsərdə sevgi ilə dini və ictimai sərhədlər, şəxsi seçimlə cəmiyyətin qaydaları arasındakı ziddiyyətlər təsvir olunur. Müəllif fərqli inanclara mənsub insanlar arasında anlaşmanın mümkünlüyünü göstərərək insanlıq və mənəvi azadlıq ideyalarını ön plana çəkir.
1918-ci ildə qələmə aldığı “İblis” faciəsi isə Cavidin ən məşhur əsərlərindən biridir. Birinci Dünya müharibəsinin yaratdığı fəlakətləri, zorakılığı və insanın mənəvi böhranını əks etdirən əsərdə İblis şərin və dağıdıcılığın ümumiləşdirilmiş obrazı kimi çıxış edir. Cavid müharibəni yalnız orduların qarşıdurması deyil, həm də insanlığın mənəvi sınağı kimi təqdim edir.
Sənətkarın “Ana”, “Maral”, “Uçurum”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş” və “Xəyyam” əsərləri də Azərbaycan ədəbiyyatının dəyərli nümunələri sırasındadır. Bu əsərlərdə ailə münasibətləri, sevgi, tarixi şəxsiyyətlərin taleyi, hakimiyyət, ədalət və insanın məsuliyyəti kimi mövzular geniş şəkildə işlənib.
“Topal Teymur”, “Səyavuş” və “Xəyyam” əsərlərində tarixə müraciət edən Cavid keçmiş hadisələri təsvir etməklə kifayətlənmir, hakimiyyətin mahiyyəti, müdriklik və insanın tarix qarşısındakı məsuliyyəti haqqında düşüncələrini də ifadə edir.
1926-cı ildə müalicə məqsədilə Almaniyaya gedən Hüseyn Cavid təxminən yeddi ay Berlində yaşayıb. Avropa mühiti, dövrün ictimai-siyasi prosesləri və ziyalıların qarşılaşdığı mənəvi sarsıntılar onun dünyagörüşünə təsir göstərib.
![]()
Repressiyanın qurbanı: uzaq Sibirdə son nəfəs
Hüseyn Cavidin yaradıcılığının mühüm istiqamətlərindən biri də türklük, türkçülük və Turan məfkurəsi idi. O, yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə türk dünyasının tarixi, mədəniyyəti və gələcəyi haqqında düşünən sənətkar kimi tanınırdı. Türk xalqlarının ortaq kökləri, milli kimliyi və mənəvi birliyi onun ədəbi-fəlsəfi görüşlərində xüsusi yer tuturdu. Buna görə də 1930-cu illərdə sovet hakimiyyətinin ziyalılara qarşı repressiyaları Hüseyn Cavidin də taleyindən yan keçmədi. 1938-ci ildə həbs olunan şair siyasi ittihamlarla mühakimə edildi. 1939-cu il iyunun 9-da səkkiz il müddətinə islah-əmək düşərgəsinə məhkum olundu.
Ailəsindən, doğma torpağından və yaradıcılıq mühitindən uzaq salınan sənətkar ömrünün son illərini ağır sürgün şəraitində keçirməli oldu. Bir vaxtlar insan ləyaqətini, mənəvi azadlığı və ədaləti əsərlərində müdafiə edən Cavid özü bu dəyərləri tapdalayan repressiya sisteminin qurbanına çevrildi.
Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonundakı Şevçenko kəndində vəfat etdi. Onun ölümü Azərbaycan mədəniyyətinə vurulan ağır zərbələrdən biri oldu.
1956-cı il martın 6-da şairə ölümündən sonra bəraət verildi. Beləliklə, ona qarşı irəli sürülmüş siyasi ittihamların əsassızlığı rəsmən təsdiqləndi.

Sibirdən Naxçıvana qayıdış
1981-ci ildə Naxçıvanda şairin ev-muzeyi yaradıldı, anadan olmasının 100 illik yubileyi geniş qeyd olundu. Lakin Cavidin taleyində ən rəmzi hadisələrdən biri onun nəşinin qalıqlarının uzaq Sibirdən doğma torpağa qaytarılması oldu. Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilərək ev-muzeyinin yaxınlığında dəfn edildi. Daha sonra məzarı üzərində möhtəşəm məqbərə ucaldıldı.
Beləliklə, repressiyalar nəticəsində Vətənindən uzaqda dünyasını dəyişən sənətkar illər sonra doğma torpağına qovuşdu./Musavat.com/
Xalidə Gəray


