Ermənistanın son günlərdə xarici diplomatların Qarabağa səfərinə verdiyi sərt reaksiya ilk baxışdan yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində görünə bilər. Lakin prosesin xronologiyasına və Yerevanın eyni vaxtda Rusiya ilə münasibətlərində yaranan problemlərə nəzər saldıqda, məsələnin daha geniş siyasi konteksti ortaya çıxır.
Cagdas.az bildirir ki, söhbət artıq təkcə 11-12 sentyabr tarixlərində xarici diplomatların Qarabağa təşkil edilən səfərdən getmir. Məsələ həm Ermənistanın Qərblə münasibətlərində, həm Bakı ilə sülh prosesində, həm də Moskva ilə getdikcə mürəkkəbləşən əlaqələrində Paşinyanın başlatdığı yeni diplomatic oyundan gedir.
11–12 sentyabr səfəri niyə bu qədər diqqət çəkdi?
Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrindən ibarət geniş heyət Qarabağ və Şərqi Zəngəzura səfər edib. Səfərdə 58 ölkədən və 9 beynəlxalq təşkilatdan təxminən 150 nümayəndə iştirak edib. Heyəti Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev müşayiət edib. Diplomatlar Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcər istiqamətində aparılan bərpa-quruculuq işləri, infrastrukturu, mədəni və dini irs nümunələri ilə tanış olublar.

Səfərin diqqətçəkən iştirakçılarından biri isə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhrandan məsul xüsusi nümayəndəsi Maqdalena Qrono olub. Qrono sentyabrın 10-da Bakıda xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətləri, regionda sülh və sabitlik, Azərbaycan-Ermənistan normallaşması, humanitar məsələlər və regional bağlantılar müzakirə edilib. Bundan bir gün sonra, sentyabrın 11-də Qrono diplomatik heyətlə birlikdə Qarabağa səfər edib. Bu, Qrononun Qarabağa ilk səfəri idi.
Ermənistanda niyə belə sərt reaksiya yarandı?
Səfərdən sonra Ermənistan daxilində və diaspor çevrələrində diplomatlara qarşı ciddi etirazlar səsləndi. Xüsusilə Qrononun səfərdə iştirakı diqqət çəkdi. Ermənistanın bir sıra ictimai-siyasi dairələri onun səfərdə iştirakını tənqid etdi və diplomatik nümayəndəliklərə müraciətlər göndərildi. Erməni mənbələrinə görə, 43 təşkilat və 45 ictimai xadim xarici diplomatik missiyalara etiraz məktubu ünvanlayıb.
Qrononun İrəvana səfəri zamanı da ona Ermənistanda rəsmi görüşlər zamanı göstərilən təzyiq, müxtəlif dövrlərə aid əlyazmaların saxlanıldığı Matenadarana aparılması bu təzyiqin yumşaq forması idi.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da bu məsələ ilə bağlı ölkənin Xarici İşlər Nazirliyinin “lazım olan hər şeyi edib”, açıqlaması verildi.
Əsas sual: Paşinyan niyə məhz indi sərtləşir?
Burada siyasi mənzərənin ikinci hissəsi başlayır. Son aylarda Ermənistan-Rusiya münasibətlərində gərginlik davam edir. Eyni zamanda Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətində atdığı addımlar Moskvanın narahatlığını artırır. Sentyabrın 1-də Bişkekdə Vladimir Putin və Nikol Paşinyan arasında görüş zamanı Rusiya lideri Ermənistanın Aİ-yə üzvlük niyyətinin Avrasiya İqtisadi İttifaqındakı mövqeyinə və mövcud ticarət əlaqələrinə problem yarada biləcəyini açıq şəkildə bildirib.
Putinin təqdim etdiyi rəqəmlərə görə, Rusiya Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı olaraq qalır və iki ölkə arasında 2026-cı ilin ilk yarısında ticarət dövriyyəsi təxminən 2,5 milyard dollar təşkil edib. Rusiya Ermənistanın ticarətinin təxminən 30 faizini formalaşdırır. Bu, İrəvan üçün nəzərə alınmayacaq rəqəm deyil. Üstəlik, Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan sentyabrın 15-də Rusiya ilə münasibətlərdə əlavə gərginliyin istehlak bazarları baxımından məhdudiyyətlər yarada biləcəyini bildirib. Eyni gün Ermənistanda Rusiya qazının qiymətinin mümkün artımı ilə bağlı ssenarilərin müzakirə edildiyi də açıqlanıb. Başqa sözlə, İrəvanın qarşısında kifayət qədər həssas iqtisadi mənzərə var.

Moskva ilə Bakı arasında yaxınlaşma da İrəvanı düşündürür
Ermənistan-Rusiya münasibətlərindəki başqa bir problem Moskvanın Azərbaycanla paralel şəkildə praqmatik əlaqələri inkişaf etdirməsidir. Kreml Ermənistanla münasibətləri qorumaq istədiyini bəyan etsə də, eyni zamanda Bakı ilə iqtisadi və siyasi əlaqələri inkişaf etdirir. Bu vəziyyət İrəvan üçün ayrıca diplomatik problem yaradır: Ermənistanın Moskva ilə münasibətlərinin zəiflədiyi bir vaxtda Rusiya-Azərbaycan münasibətlərinin normallaşması Kremlin regiondakı manevr imkanlarını genişləndirir. Belə şəraitdə Paşinyan üçün əsas məsələ yalnız Qərblə münasibətləri inkişaf etdirmək deyil, Moskva ilə münasibətlərdə müəyyən balansı qorumaqdır.
Qarabağ səfərinə etiraz Moskva üçün mesaj ola bilərmi?
Məhz bu nöqtədə 11-12 sentyabr hadisələrinə başqa prizmadan baxmaq mümkündür. Diplomatların Qarabağa səfəri Ermənistan üçün yalnız Azərbaycanın beynəlxalq diplomatik müstəvidə mövqeyinin güclənməsi məsələsi deyil. Səfərdə Qrono kimi yüksək səviyyəli Aİ nümayəndəsinin iştirakı İrəvanın Qərb tərəfdaşları ilə münasibətlərində də müəyyən narahatlıq yaradıb.
Ermənistanın reaksiyasının ardınca Qrononun İrəvana səfəri, Matenadaranı ziyarət etməsi və erməni mədəni irsi ilə bağlı açıqlamları göstərdi ki, İrəvan bu məsələni Qərb platformasında da öz gündəliyinə daxil etməyə çalışıb. Lakin bununla yanaşı, daha geniş siyasi ehtimal da var.
Paşinyan Moskva ilə münasibətləri yumşaltmaq üçün Azərbaycana qarşı ritorikanı sərtləşdirmək istəyir
Səfərdən sonra baş verən siyasi proseslərin ardıcıllığı belə bir ehtimalın müzakirəsinə imkan verir. Çünki son dövrdə İrəvan bir tərəfdən Qərbə inteqrasiyanı davam etdirir, digər tərəfdən Rusiya ilə iqtisadi asılılığın yaratdığı riskləri azaltmağa çalışır. Belə şəraitdə Moskva üçün mühüm olan məsələlərdən biri Cənubi Qafqazda Rusiyanın təsir imkanlarının tamamilə aradan çıxmamasıdır.
Paşinyanın Qarabağ səfərinə qarşı sərtləşən ritorikası isə Kremlə “İrəvan Azərbaycan məsələsində mövqeyini sərtləşdirə bilər” mesajı kimi də oxuna bilər.

TRIPP məsələsi də bu mənzərədə xüsusi əhəmiyyət daşıyır
Digər mühüm məsələ regiondakı nəqliyyat layihələridir. ABŞ vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında razılaşdırılmış TRIPP layihəsi Ermənistan ərazisindən regional bağlantının yaradılmasını nəzərdə tutur. Paşinyan sentyabrın 17-də TRIPP-in bütün iştirakçı ölkələrə, o cümlədən İran və ABŞ-a fayda verəcəyini bildirib və layihəni özünün “Sülh kəsişməsi” təşəbbüsü ilə əlaqələndirib. Layihə üzrə razılaşmanın Ermənistan Konstitusiya Məhkəməsində də araşdırıldığı açıqlanıb. Bu isə Rusiyanın regiondakı ənənəvi nəqliyyat və iqtisadi təsir imkanları baxımından həssas məsələdir. Ona görə də Paşinyanın bir tərəfdən TRIPP-i dəstəkləməsi, digər tərəfdən Moskva ilə münasibətlərdə yeni balans axtarması ziddiyyətli görünən, amma əslində paralel aparılan iki siyasət kimi qiymətləndirilə bilər.
Bakı ilə sülh prosesi həqiqətən dondurula bilərmi?
Ermənistanın 11-12 sentyabr səfərinə sərt reaksiyası avtomatik olaraq sülh prosesindən geri çəkilmək demək deyil. Əksinə, Paşinyan sentyabrın 17-də TRIPP-i sülh və regional bağlantı kontekstində müdafiə edib. Lakin siyasi ritorikanın sərtləşməsi danışıqlar mühitinə təsir göstərə bilər.
Əgər İrəvan Qarabağ məsələsini yenidən xarici siyasətinin əsas siyasi alətlərindən birinə çevirərsə, bu, Bakı ilə münasibətlərdə yeni gərginlik yarada bilər. Əgər məqsəd Moskva ilə münasibətləri balanslaşdırmaqdırsa, bu taktikanın nə qədər davam edəcəyi ayrıca sualdır. Çünki Azərbaycanın regional çəkisi və Moskva-Bakı münasibətlərinin inkişafı fonunda Kremlin Ermənistanla münasibətlərini yalnız Bakı ilə münasibətlər hesabına dəyişməsi də real görünmür.

Paşinyanın qarşısında çətin seçim
Beləliklə, 11-12 sentyabr Qarabağ səfərinə verilən reaksiya təkcə bir diplomatik insident kimi qiymətləndirilməməlidir. Bir tərəfdə Ermənistanın Qərblə yaxınlaşması, TRIPP və Aİ istiqaməti var. Digər tərəfdə isə Rusiya ilə dərin iqtisadi əlaqələr, Avrasiya İqtisadi Birliyi üzvlüyü, enerji məsələləri və Moskvanın regiondakı siyasi çəkisi dayanır. Bu fonda Qarabağ səfərinə etirazın miqyasının genişləndirilməsi Paşinyanın xarici siyasətdə yeni balans axtardığına dair siqnal kimi görünür.
İstənilən halda baş verənlər sülh prosesinə mənfi təsir göstərməklə yanaşı, Ermənistanın hələ də diplomatik oyunlar oynamağa davam etdiyini göstərir.\modern.az\
















