Doktoranturaya qəbul sistemi dəyişdirilməlidir.
Çağdaş.Az xəbər verir ki, bunu IX ADA Beynəlxalq Təhsil Konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hazırkı qəbul sistemi təkmilləşdirilməli və beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır.
E.Əmrullayev xarici ölkələrdə tətbiq olunan yanaşmanı nümunə göstərərək, yerli sistemlə fundamental fərqləri qeyd edib:
“Xarici universitetlərdə doktoranturaya qəbul olunmazdan əvvəl namizəddən hansı mövzu üzrə elmi iş aparacağı soruşulur. Bizdə isə proses əksinədir, əvvəlcə qəbul olunurlar, daha sonra mövzu müəyyənləşdirilir. Bu yanaşma dəyişdirilməlidir”.
Nazir həmçinin akademik baza və ixtisas uyğunluğu məsələsinə də toxunub. O, ilkin ali təhsilini tamamilə fərqli sahə üzrə alanların magistratura pilləsində MBA (biznesin idarə edilməsi) üzrə təhsil alıb, doktoranturaya da məhz həmin sahə üzrə müraciət etmələrinin doğru olmadığını bildirib.
Emin Əmrullayevin sözlərinə görə, iqtisadi fənlər üzrə fundamental təməl bilikləri olmayanların bu sahədə elmi araşdırma aparması mümkün deyil:
“İqtisadi fənlər üzrə təməl məsələləri mənimsəməyən şəxsin bu sahədə doktorantura təhsili alması məqbul deyil. Biz bu tələblərə görə qınanırıq, lakin xarici təcrübədə də qaydalar eynidir. Təməl bilikləri olmayanlar üçün həmin sahədə doktorantura qapıları bağlıdır”.
















