Şimali Koreyada COVID-19 pandemiyası dövründə edamların kəskin şəkildə artdığı bildirilir. Yeni hesabatlara görə, xüsusilə xarici mədəniyyətin izlənilməsi və siyasi ittihamlarla bağlı ölüm hökmlərində ciddi artım qeydə alınıb.
Çağdaş.Az xəbər verir ki, Pxenyan rəhbərliyi pandemiyanın yayılmasının qarşısını almaq üçün 2020-ci ilin yanvarında sərhədləri bağlamışdı. Hüquq müdafiəçiləri bildirir ki, bu addım ölkədə mövcud insan hüquqları pozuntularını daha da ağırlaşdırıb.
Hesabata əsasən, sərhədlərin bağlanmasından sonra ötən təxminən beş il ərzində edamların sayı əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artıb. Eyni zamanda ölüm cəzasına məhkum edilənlərin sayı üç dəfədən çox yüksəlib.
Araşdırma yüzlərlə şimali koreyalı qaçqının ifadələrinə əsaslanır və ümumilikdə 144 edam və ölüm hökmü hadisəsi təhlil edilib.
Pandemiyadan sonra xüsusilə Cənubi Koreya istehsalı film, serial və musiqilərə baxmaq kimi “xarici mədəniyyət” fəaliyyətlərinə görə verilən edam cəzələrinin artdığı vurğulanır. Həmçinin ölkə lideri Kim Jong Unu tənqid etmək kimi siyasi addımlara görə də edamların sayında ciddi artım müşahidə olunub.
Ekspertlər hesab edir ki, bu tendensiya artan daxili narazılıq fonunda dövlət nəzarətinin daha da sərtləşdirilməsi ilə bağlıdır.
Hesabatda qeyd edilir ki, edamların təxminən dörddə üçü ictimai şəkildə həyata keçirilib və əksər hallarda insanlar güllələnərək öldürülüb.
Eyni zamanda ölkə rəhbərliyi işgəncə, məcburi əmək və ifadə azadlığına ciddi məhdudiyyətlər tətbiq etməkdə ittiham olunur.
Məlumata görə, ölkədə təxminən 65 min nəfərin saxlanıldığı dörd siyasi məhbus düşərgəsi mövcuddur və bu şəxslər ağır şəraitdə işlədilir.
Birləşmiş Millətlər Təşkilatı rəsmiləri son on ildə Şimali Koreyada insan hüquqları vəziyyətinin yaxşılaşmadığını, əksinə daha da pisləşdiyini bildirir.
















