Dünyanın ən gözəl sözü seçilib. Beynəlxalq münsiflər heyətinin qərarına əsasən, bu ada Yeni Zelandiyanın yerli maori dilinə məxsus “kaitiakitanga” sözü layiq görülüb.
Cagdas.az xəbər verir ki, “kaitiakitanga” sözü insanın təbiət qarşısındakı məsuliyyətini, onu qorumaq və gələcək nəsillər üçün mühafizə etmək borcunu ifadə edir. Maori xalqının dünyagörüşünə görə, insan təbiətin sahibi deyil, onun ayrılmaz hissəsi və qoruyucusudur.
Məlumata görə, “Dünyanın ən gözəl sözü” nominasiyası ilk dəfə keçirilib. Qalib beynəlxalq dil öyrənmə platforması Babbel tərəfindən müəyyən edilib. Bunun üçün sosial şəbəkələrdə və dil forumlarında aparılan müzakirələr təhlil olunub, daha sonra dilçilər və mədəniyyət üzrə mütəxəssislərdən ibarət beynəlxalq münsiflər heyəti yekun qərarı verib.
Müsabiqədə 75-dən çox dildən 223 söz iştirak edib. Qiymətləndirmə zamanı sözlərin yalnız səslənişi deyil, həm də mənası, mədəni dəyəri və bəşəri əhəmiyyəti nəzərə alınıb.
Finalçılar arasında portuqal dilində dərin həsrət mənasını verən “Saudade”, yapon dilində həyatın mənasını ifadə edən “Ikigai”, uels dilində itirilmiş vətən həsrətini bildirən “Hiraeth”, zulu dilində insanpərvərlik və birlik anlayışını əks etdirən “Ubuntu”, eləcə də yidiş dilində xəyalpərəst və idealist insanı ifadə edən “Luftmensch” sözləri də yer alıb.(sfera.az)
















