Mənzil sahibi olmaq istəyi cəmiyyətimizdə uzun illərdir ən əsas hədəflərdən biri kimi qalır. Bir çox insan üçün ev təkcə yaşayış yeri deyil, həm də sabitlik və gələcək təminatı anlamına gəlir. Bununla belə, artan daşınmaz əmlak qiymətləri və uzunmüddətli kredit öhdəlikləri insanları daha ehtiyatlı seçim etməyə məcbur edir. Digər tərəfdən isə kirayə bazarı müəyyən çeviklik versə də, aylıq xərclərin davamlılığı ayrıca maliyyə planlaması tələb edir. Bakıda ev almaq üçün banka 20 il borclu qalmağa dəyər, yoxsa kirayədə yaşayıb pulu başqa investisiyalara yönəltmək daha məntiqli seçimdir.
Cagdas.az xəbər verir ki, Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli Azərbaycanda bu məsələnin müəyyən qədər cəmiyyətin davranış qaydaları ilə də bağlı olduğunu bildirib.
“Bizdə kirayə mənzildə yaşamaq mədəniyyəti geniş yayılmayıb. İnsanlar kirayədə qalmağa o qədər də meylli deyillər, əksəriyyət ev sahibi olmaq istəyir. Halbuki mənzillərin qiyməti kifayət qədər yüksəkdir. Buna baxmayaraq, insanlar yenə də mənzil almağa üstünlük verirlər. Çünki alınan ev təkcə yaşayış üçün deyil, eyni zamanda gəlir mənbəyi və yatırım aləti kimi də istifadə olunur. Yəni vətəndaş düşünür ki, həm özü istifadə edəcək, həm də lazım gəldikdə kirayə verərək gəlir əldə edə biləcək. Digər tərəfdən, Azərbaycanda alternativ investisiya alətləri kifayət qədər inkişaf etməyib”.
O deyib ki, qiymətli kağızlar bazarı geniş deyil, iqtisadi aktivliyi artıracaq digər mexanizmlər də məhduddur:
“Nəticədə, insanların əlində olan artıq vəsait üçün əsas istiqamət daşınmaz əmlak olur. Bu isə bazarda tələbi artırır və qiymətlərin yüksəlməsinə səbəb olur. Əgər ölkədə birjalar inkişaf etsə, qiymətli kağızlar bazarı genişlənsə və etibarlı, şəffaf investisiya alətləri formalaşsa, vətəndaşların seçim imkanları da artar. Bu halda insanlar vəsaitlərini yalnız əlavə mənzil almağa deyil, digər sahələrə də yönəltmək barədə daha çox düşünərlər”.
Qeyd edək ki, investisiya strategiyaları üzrə mütəxəssis Aleksandr Baxtin deyib ki, artıq ev alıb kirayə vermək gəlirli yatırım deyi. O, bunun səbəbini artan vergilərlə əlaqələndirib.
















