Belə ki, bina tikintisi ilə məşğul olan və ya mənzil bazarının digər iştirakçısı olan ƏDV ödəyiciləri tərəfindən vətəndaşlardan nağdsız qaydada alınan mənzillərin təkrar satışı zamanı 3 il müddətinə ƏDV-nin ticarət əlavəsindən hesablanması təklif olunur.
Vergi ödəyiciləri tərəfindən müvafiq orqana edilən müraciətlərdə qaldırılan əsas məsələlərdən biri bina tikintisi ilə məşğul olan və ya mənzil bazarının digər iştirakçısı olan əlavə dəyər vergisi ödəyiciləri tərəfindən vətəndaşlardan alınan mənzillərin təkrar satışı əməliyyatları üzrə yaranan ƏDV yükünün yüksək olması ilə bağlı olub.
Hazırda bu cür mənzillərin satışı komisyon ticarəti formasında deyil, mənzillərin yenidən alınması və sonradan satılması kimi rəsmiləşdirilir. Nəticədə sözügedən əməliyyatlar üzrə ƏDV tam satış dəyərindən hesablanır ki, bu da faktiki olaraq yalnız satıcının əldə etdiyi ticarət əlavəsinə deyil, mənzilin ümumi qiymətinə vergi tətbiq edilməsinə səbəb olur.
Bu yanaşma eyni iqtisadi mahiyyət daşıyan komisyon ticarəti ilə müqayisədə daha ağır vergi yükü yaradır, ikinci əl mənzil bazarında qiymətlərin artmasına, rəsmi satış kanallarının rəqabət qabiliyyətinin azalmasına və qeyri-rəsmi dövriyyənin stimullaşmasına şərait yaradır.


