Son dəqiqə

“Fikiriləri başqa yerdə olur” – Deputatlar iclaslarda niyə səs vermirlər?

Cəmiyyət

Milli Məclisin plenar iclaslarında əsas məsələlərdən biri də müzakirəyə çıxarılan qanun layihələrinin səsverməyə çıxarılmasıdır. Bəzi hallarda parlamentin iclasında iştirak edən deputatlarla səsvermənin nəticələri üst-üstə düşmür.  İclasda iştirak edən deputatların bəzilərinin səs verməməsi bir sıra suallar və onların məsuliyyəti məsələsini doğurur. 

Qanunvericilik nə deyir?

Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinin III hissəsinə əsasən, Milli Məclisin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər. Yəni deputatın əvəzinə başqa şəxsin səs verməsi yolverilməzdir. Lakin burada diqqətçəkən məqam var. Milli Məclisin Daxili Nizamnaməsinin 24-cü maddəsi iclasda iştirak edən deputatın səsvermədə iştirak etməməsinin mümkünlüyünü də nəzərdə tutur. Həmin maddəyə görə, deputat səsvermə zamanı məsələnin lehinə, əleyhinə və ya bitərəf qalmasına səs verə bilər. Eyni zamanda, deputatın iclasda iştirak etdiyi halda səsvermədə iştirak etməməsi yetərsaya təsir göstərmir. Beləliklə, qanunvericilik zalda olan deputatın hər bir səsvermədə mütləq iştirak etməsini tələb etmir.

Səsvermədə iştirak etməyən deputat cəzalandırıla bilərmi?

Məsələnin digər tərəfi isə intizam məsuliyyəti ilə bağlıdır. Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsində deputatın parlamentdaxili məsuliyyətə cəlb oluna biləcəyi hallar sadalanır. Bunlara etik davranış qaydalarının pozulması, korrupsiyaya qarşı mübarizə qanunvericiliyinin tələblərinə əməl edilməməsi və Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etməməsi daxildir. Lakin səsvermədə iştirak etməmək ayrıca intizam məsuliyyəti yaratmır. Bu baxımdan, deputatın iclas zalında olması, lakin konkret səsvermədə iştirak etməməsi ilə iclasa üzrsüz səbəbdən gəlməməsi fərqli hüquqi hallardır.

İntizam Komissiyası nə deyir?

         

Cagdas.az bildiriri ki məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının üzvü Nəsib Məhəməliyev bildirib ki, iclas zalında olan deputatların böyük əksəriyyəti səsvermələrdə iştirak edir:

“Zalda ola-ola kiminsə səs vermədiyini düşünmürəm. İstisna hallar mümkündür. Deputatın diqqəti başqa məsələyə yönələ bilər. Əsasən isə deputatlar müəyyən səbəblərlə iclas zalını tərk edirlər. Buna görə də 3-4 nəfərin səsvermədə iştirak etməməsi mümkündür. Zalda olan deputatların 99,9 faiz əminliklə deyə bilərəm ki, hamısı səs verir. Digər tərəfdən, bunu intizam məsuliyyətinə səbəb olacaq hal kimi qiymətləndirmirəm. Əgər hansısa deputatın səsvermədə iştirak etməməsi sistemli xarakter alarsa, təbii ki, onunla bağlı profilaktik iş aparıla bilər. Ancaq şəxsi işi ilə əlaqədar nadir hallarda kiminsə iclas zalından çıxması və səsvermədə iştirak etməməsi normaldır. Səsvermədə əsas məsələ yetərsayın təmin olunmasıdır. Yetərsay olduğu halda hüquq pozuntusundan söhbət gedə bilməz. Yəni 83 səs kifayət edir. Konstitusiya qanunlarının qəbulu zamanı isə ən azı 95 deputatın iştirakı tələb olunur”.