Fransa Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunmasına dəstək məqsədilə Yaxın Şərqə iki minaaxtaran gəmi, iki freqat və bir dəniz patrul təyyarəsi göndərib.
Cagdas.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkədə paylaşım edib.
Makronun sözlərinə görə, qüvvələr tərəfdaş ölkələrlə birlikdə boğazda təhlükəsiz naviqasiyanın təmin olunmasına və gəmiçiliyin tam bərpasına dəstək verməyə hazırdır.
Fransa lideri bildirib ki, ABŞ və İran arasında iyunun 17-də imzalanmış anlaşma memorandumu regional sabitliyin möhkəmlənməsi baxımından mühüm addımdır.
“Bölgədə dəyişən vəziyyət nəzərə alınaraq Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisi Tulondakı bazasına qayıdır, digər hərbi vasitələr isə Yaxın Şərqdə yerləşdirilərək zərurət olduqda əməliyyatlara cəlb ediləcək”, – deyə Makron qeyd edib.
O, Fransanın regiondakı təhlükəsizlik vəziyyətinə uyğun olaraq hərbi mövcudluğunu tənzimləməyə davam edəcəyini vurğulayıb./Publika.az
















