Əfqanıstan və Pakistan arasında son günlər yüksələn gərginlik yeni mərhələyə keçib. Taliban rəhbərliyi Pakistan ərazisində İŞİD-ə aid olduğu bildirilən hədəflərə hava zərbələri endirdiyini açıqlayıb. Pakistan isə öz növbəsində sərhədi pozduğu iddia edilən pilotsuz uçuş aparatlarının məhv edildiyini bildirib.
Çağdaş.Az xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Pakistanın Bəlucistan və Hayber Paxtunxva bölgələrində yerləşən və İŞİD-ə aid olduğu iddia edilən obyektlər hava hücumları ilə vurulub. Bildirilib ki, əməliyyat sərhəd bölgələrində fəaliyyət göstərən silahlı qruplara qarşı həyata keçirilib.
Pakistan Silahlı Qüvvələri isə hadisəyə cavab olaraq hava hücumundan müdafiə sistemlərinin Bəlucistan ərazisində 4 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.
Yerli mənbələrin məlumatına görə, vurulan aparatların birinin qalıqları Saranan qəsəbəsində məktəb yaxınlığına düşüb. Hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər ötən həftə Pakistanın Əfqanıstanın şərqinə endirdiyi hava zərbələrindən sonra daha da gərginləşib. Həmin hücum nəticəsində azı 28 nəfərin öldüyü açıqlanmışdı.
Pakistan rəhbərliyi Əfqanıstanı öz ərazisində fəaliyyət göstərən silahlı qruplara sığınacaq verməkdə ittiham edir. Taliban administrasiyası isə bu iddiaları rədd edir.
Sərhəddə baş verən son hadisələr regionda təhlükəsizlik vəziyyətinin yenidən mürəkkəbləşə biləcəyinə dair narahatlıqları artırıb.
















