İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Tehrana qarşı tətbiq edilən neft sanksiyalarının ləğv edildiyini bildirib. Qalibafın sözlərinə görə, hazırda İran nefti əvvəlkindən təxminən 20 faiz baha satılır.
O qeyd edib ki, əgər ABŞ müharibə istəyirsə, İran da buna hazırdır. Qalibaf İranın neft satışından məhrum ediləcəyi təqdirdə, heç kimin neftdən mənfəət əldə edə bilməyəcəyini söyləyib.
Bəs İran neftinin bahalaşması dünya bazarında qiymətlərə necə təsir göstərəcək?
Çağdaş.Az xəbər verir ki ,Globalinfo.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, İran nefti üzərindən sanksiyaların götürülməsi iyunun 18-də ABŞ-la imzalanmış memorandumdan sonra mümkün oldu:
“İran artıq Qətərdə dondurulmuş aktivlərini geri almağa başlayıb. Yaxın vaxtlarda Birləşmiş Ərəb Əmirliklərindəki dondurulmuş aktivlərini də geri alacaq. Humanitar və sosial xərclər üçün ölkəyə təxminən 25 milyard dollar vəsait ayrılacaq. Bu, İran üçün müsbət haldır.
Digər tərəfdən, İran nefti üzərindən sanksiyaların götürülməsi onun bazar qiymətinin artmasına səbəb olub. Sanksiyalar qüvvədə olarkən, məsələn, dünya bazarında neftin qiyməti 60 dollar idisə, İran öz neftini 45-50 dollara satırdı. İndi isə Körfəz ölkələrinin orta ixrac qiyməti hansı səviyyədədirsə, İran da neftini həmin qiymətə satacaq.
Bu isə İran neftinin əsas alıcısı olan Çin Xalq Respublikasının əvvəlki həcmdə İran neftinə marağını azalda bilər. Çin alternativ olaraq hələ də sanksiyalar altında olan Rusiya neftinə üstünlük verə bilər. Çünki onu daha ucuz qiymətə almaq mümkündür.
İran iyunun 18-dən 30-dək bazara təxminən 40 milyon barel neft çıxarıb. Bu, kifayət qədər böyük həcmdir və gündə orta hesabla 3,4 milyon barel edir. Halbuki müharibədən əvvəl İran gündəlik 2,2-2,3 milyon barel neft ixrac edirdi. Hazırkı artım əsasən əvvəlcədən yığılıb qalmış ehtiyatların bazara çıxarılması ilə əlaqədardır. Bunun hesabına, İran əlavə gəlir əldə edir.
Ümumilikdə bu proses bazara müsbət təsir göstərəcək və neft qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. Hörmüz boğazı açılmazdan əvvəl neftin qiyməti 92-94 dollar arasında dəyişirdi. Hazırda isə təxminən 73 dollardır. Yəni qiymətlərdə 20 dollara yaxın azalma müşahidə olunur. Fikrimcə, yaxın dövrdə neftin qiyməti 75 dollar ətrafında sabitləşəcək. Bu da bazar üçün kifayət qədər əlverişli qiymətdir”.
















