İran Xarici İşlər Nazirliyi ölkəyə qarşı həyata keçirilən ABŞ hücumları ilə bağlı bəyanat yayıb.
Çağdaş.Az xəbər verir ki, bəyanatda ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumların BMT Nizamnaməsinə zidd olduğu vurğulanıb və son 24 saat ərzində baş verən hücumlar qətiyyətlə pislənib.
İran XİN bildirib ki, ABŞ-ın hədəf aldığı məntəqələr mülki obyektlər və yaşayış əraziləri olub. Buna görə də Vaşinqtonun hərəkətləri müharibə cinayəti kimi qiymətləndirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ bu addımı ilə tərəflər arasında imzalanmış memorandumun şərtlərini pozub.
İran Xarici İşlər Nazirliyi qonşu ölkələrə də çağırış edərək bildirib ki, beynəlxalq hüquqa əsasən onların ərazilərindən İrana qarşı hərbi hücumların həyata keçirilməsi üçün istifadə edilməsinin qarşısını almaq öhdəliyi var.
Bəyanatda vurğulanıb:
“Qonşu ölkələr beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərinin təcavüzkar tərəflər tərəfindən İrana qarşı hərbi əməliyyatlar üçün istifadə olunmasına imkan verməməlidirlər. İrana qarşı hücumların həyata keçirildiyi mənbələrə cavab zərbələri isə legitim özünümüdafiə hüququ çərçivəsində qiymətləndirilir.”
















