Qadınlar və kişilər arasında qısqanclığın səbəbləri fərqlənə bilər. Aparılan elmi araşdırmalar göstərir ki, qadınlar daha çox digər qadınların fiziki görünüşünü və cəlbediciliyini, kişilər isə digər kişilərin maddi statusunu, sərvətini və uğurunu qısqanırlar.
Cagdas.az xəbər verir ki, mütəxəssislər bu davranışı təkamül psixologiyasında eyni cins daxilində rəqabət anlayışı ilə izah edirlər. Bu nəzəriyyəyə görə, insanlar tarix boyu öz cinsləri daxilində sosial üstünlük, diqqət və münasibət əldə etmək uğrunda rəqabət aparıblar. Aparılan araşdırmalara əsasən, qadınların 17,8 faizi özlərindən daha cəlbedici bir qadını qısqandığını xatırladığını bildirib. Kişilər arasında isə bu göstərici cəmi 7,7 faiz olub.
Araşdırma həmçinin göstərib ki, kişilər maddi status məsələsində daha yüksək qısqanclıq nümayiş etdirirlər. Belə ki, kişilərin 12,6 faizi özlərindən daha zəngin və uğurlu kişiləri qısqandığını qeyd edib. Qadınlarda isə bu rəqəm 8,4 faiz təşkil edib. Tədqiqatın diqqət çəkən nəticələrindən biri də qadınların gözəl geyim və xarici görünüş elementlərinə qarşı daha həssas olmasıdır.
Araşdırmaya görə, qadınlar gözəl geyimləri kişilərlə müqayisədə 6 dəfə daha çox qısqanırlar. Psixoloqlar hesab edir ki, sosial media dövründə insanların davamlı olaraq başqalarının görünüşü, həyat tərzi və uğurları ilə müqayisə aparması qısqanclıq hissini daha da gücləndirə bilər. Bunun isə özünəinam, psixi sağlamlıq və sosial münasibətlər üzərində təsirləri olduğu bildirilir.(sfera.az)
















