Orta ixtisas təhsili müəssisələri üzrə (9 illik və 11 illik) ən çox boş plan yeri qalan kolleclərin siyahısı açıqlanıb. Statistikaya əsasən, 9 illik kolleclər üzrə 8144 plan yerindən 677-si (8,31 faiz), 11 illik kolleclər üzrə isə 15 874 plan yerindən 670-i (4,22 faiz) boş qalıb.
Maraqlıdır, kolleclərdə yüzlərlə plan yerinin boş qalmasının əsas səbəbləri nələrdir?
Cagdas.az “AzEdu.az”a istinadən xəbər verir ki, mövzu ilə bağlı təhsil tədqiqatçısı Elmin Nuri açıqlama verib.
Bəzi ixtisaslar üçün kollec təhsili formallıqdan o tərəfə keçmir:
“Bir çox kolleclər öz ixtisasları üzrə əmək bazarına uyğunluğunu və səmərəliliyini artıra bilmirlər. Müsbət nümunə kimi tibb profilli kollecləri göstərmək olar. Ümumiyyətlə, tibb ixtisasları üzrə kolleclərin məzunları əmək bazarına uğurla inteqrasiya olurlar. Buraya tibb bacısı, tibb qardaşı, feldşer, mamalıq işi, diş texnikliyi və ortopedik stomatologiya kimi ixtisaslar daxildir.
Həmçinin dizayn, veb-kompüter profilli ixtisaslar, kompüterlərin təmiri, eləcə də kompüter şəbəkə avadanlıqları ilə bağlı ixtisaslar üzrə də kollecdən əmək bazarına keçid kifayət qədər uğurludur.
Lakin bir çox ixtisaslarda, xüsusilə ictimai-humanitar profilli istiqamətlərdə bunu müşahidə etmirik. Bəzi ixtisaslar üçün isə kollec təhsili həmin ixtisasın kollecdə tədris olunması baxımından sadəcə formal xarakter daşıyır”.
Subbakalavrlar üçün plan yerləri artırılmalıdır:
“Biz sevinməliyik ki, kolleclərdə tədris olunan bəzi ixtisaslar universitetlərdə yoxdur və onlar bir-biri ilə toqquşmur. Amma kolleclərdə tədris olunan, universitetlərdə olmayan bəzi ixtisaslar belə əmək bazarı üçün özünü o qədər də verimli şəkildə doğrulda bilmir. Problem də məhz bundan ibarətdir.
Bu gün kolleclərdə ixtisasların təsnifatı nəzəri baxımdan yaxşıdır. Bəs praktikada niyə belə olmur? Niyə praktikada “kollec” adı gələndə işəgötürənlər ehtiyatla yanaşırlar? Axı kolleclərdə elə ixtisaslar var ki, onlar əmək bazarı üçün çox vacibdir və yalnız kollec, yəni subbakalavr səviyyəsində tədris olunur.
Elə olduğu halda, niyə kolleclərin nüfuzunun artdığını görmürük? Kolleclərin nüfuzunu artıran yeganə amillərdən biri 2020-ci ildə subbakalavrların universitetlərə imtahansız qəbul imkanının yaradılması oldu. Bəs sonra?
Bu gün peşə təhsili və peşə mərkəzləri az qala kolleclərdən daha rentabelli görünür. Olsun, hər birinin öz istiqaməti var. Biz peşə təhsilini kolleclə, kolleci isə universitetlə qarışdıra bilmərik. Amma ictimai rəy öz sözünü deyir. Deməli, bu gün kolleclərin ciddi dəyişikliklərə ehtiyacı var. Yüksək texniki peşələr üzrə də subbakalavr dərəcəsinin verilməsi kolleclərin əhəmiyyətini bir daha ortaya qoydu.
Baxın, madam ki, biz kolleclərə olan marağı imtahansız qəbul modeli ilə artıra bildik, o zaman sırf subbakalavrlar üçün ayrılan plan yerlərinin sayı da xeyli artırılmalıdır. Halbuki bu göstərici ildən-ilə azalır. Əslində isə bunun tam əksi baş verməlidir. Bu detal nəzərə alınsa, çox faydalı olar”.
Azərbaycanda ayrıca İT kollecinin yaradılmasına ehtiyac var:
“Daha sonra, bir çox kolleclərin yenidən təsnifatlaşdırılmasına ehtiyac var. Bu gün necə ki, 1 saylı Bakı Tibb Kolleci, Quba Tibb Kolleci, Lənkəran Tibb Kolleci deyərək kollecin profilini ön plana çıxarırıq, digər kolleclər üçün də bu yanaşma olmalıdır.
Deyə bilərsiniz ki, axı belə kolleclər var. Mən də deyə bilərəm ki, bəli, amma onlar universitetlərin bazasında fəaliyyət göstərən kolleclərdir və orada çoxsaylı ixtisaslar tədris olunur.
Məsələn, mən istəyərdim ki, bizdə ayrıca bir İT kolleci olsun. Kompüter qurğularının təmiri və servisi, kompüter şəbəkə avadanlıqları, veb-dizayn, kibertəhlükəsizlik kimi ixtisaslar orada tədris olunsun. Məhz bu kimi addımlar kolleclərə olan marağı artıra bilər”.
















