Qanuna edilən digər mühüm dəyişiklik sosial müdafiə tədbirləri ilə bağlıdır. Yeni qaydalara əsasən, məcburi köçkün statusunu itirən şəxslərə göstərilən sosial dəstək dərhal dayandırılmayacaq.
Bu tədbirlər statusun itirildiyi tarixdən etibarən daha 3 il davam etdiriləcək.
Prezidentin imzaladığı fərmana əsasən, Nazirlər Kabineti Mənzil Məcəlləsinin 108-1-ci maddəsinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələrinə köçürülmə və həmin mənzillərin mülkiyyətə verilməsi qaydasını 4 ay müddətində hazırlayıb dövlət başçısı ilə razılaşdırdıqdan sonra təsdiq etməlidir.
Qanunvericiliyə edilən dəyişikliklər işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmanın sürətləndirilməsi, vətəndaşların əmlak hüquqlarının təmin olunması və sosial müdafiə mexanizmlərinin daha dəqiq tənzimlənməsinə xidmət edir.
Cagdas.az bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov deyib ki, Prezident tərəfindən təsdiq olunmuş qanuna əsasən işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılmasına başlanılıb:
“Belə ki, Fond işğaldan azad olunmuş ərazilərdə mülkiyyətlə təmin olunan əhalinin mülkiyyət hüququnun tanınmasını və onlara Dövlət Reyestrindən çıxarışların verilməsini özündə ehtiva edir. Bu da o deməkdir ki, əgər əvvəlki dövrlərdə məcburi köçkünlər dövlətdən mənzil verilən zaman onlara çıxarış verilmirdisə, artıq yeni qanunla mənzillə təmin olunan məcburi köçkünlər çıxarışla təmin ediləcək.
Beləliklə, öz dədə-baba yurduna qayıdan soydaşlarımızın mülkiyyət hüququ tanınacaq.
Qanuna əsasən məcburi köçkünlərə edilən güzəştlər növbəti 3 il üçün də qüvvədə olacaq. Yəni qayıdış proqramının iştirakçısı olan vətəndaşlarımıza aylıq müavinətlər ödəniləcək, ali məktəbə daxil olanların təhsil haqqı yenə də dövlət tərəfindən qarşılanacaq. Eyni zamanda bir sıra rüsumlardan da azad olunacaqlar, müəyyən güzəştlərdən faydalana biləcəklər. Beləcə, geri dönən vətəndaşlarımız həm aldıqları əmlakın çıxarışını ala biləcəklər, həm də dügər güzəştlərdən də yararlanacaqlar”.
















