Türkiyənin məşhur kəşfiyyatçılarından Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada müəmmalı ölümü ilə bağlı istintaq “Kurtlar Vadisi”nin yaradıcılarına qədər uzanıb.
Çağdaş.Az xəbər verir ki, serialda “Mehmet Karahanlının oğlu” Ali Candan və Polad Ələmdar obrazlarını canlandıran və serialın yaradıcılarından olan Raci Şaşmaz, eləcə də Bahadır Özdener və Cüneyt Aysan Silivri Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində ifadəyə çağırılıblar.
Türkiyə mediasının məlumatına görə, üç ssenarist istintaqda “məlumat sahibi” qismində dindiriləcək. Onların ifadələrinin sentyabrın 14-də alınacağı bildirilir.
İstintaqın ən diqqətçəkən məqamlarından biri “Kurtlar Vadisi Pusu” serialındakı “Kazım Kaşifoğlu” obrazıdır. Bu obrazın Kaşif Kozinoğlu ilə əlaqələndirilməsi, serialdakı taleyi və ölüm səhnəsi ilə Kozinoğlunun real həyatda ölümü arasındakı oxşarlıqlar yenidən diqqət mərkəzinə gəlib.
MİT-in keçmiş əməkdaşı Kaşif Kozinoğlu 2011-ci ildə OdaTV işi çərçivəsində həbs edilmişdi. O, məhkəmə qarşısına çıxmasına az müddət qalmış – 12 noyabr 2011-ci ildə Silivri həbsxanasında həyatını itirib. Rəsmi məlumatlarda ölüm səbəbi infarkt göstərilsə də, Kozinoğlunun ölümü Türkiyədə uzun illər müzakirə və mübahisə mövzusu olub.
İndi isə “Kurtlar Vadisi”nin yaradıcı heyətindən üç məşhur adın məhz Kozinoğlu istintaqında ifadəyə çağırılması serialda illər əvvəl göstərilən hadisələrlə real hadisələr arasındakı oxşarlıqları yenidən gündəmə gətirib.\\Musavat.com















