Nəqliyyat idarə edərkən video çəkmək və canlı yayım açmaq son dövrlərin təhlükəli trendlərindən birinə çevrilib. Sosial şəbəkə paylaşımı üçün sükan arxasında bir əli rolda ikən digər əli ilə canlı yayım açan sürücülər həm öz həyatlarını həm də başqalarının həyatını riskə atır. Görməzdən gəldiyimiz kiçik əyləncə ciddi səbəblər yarada bilir.
Cagdas.az xəbər verir ki ,mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə məhz yol-nəqliyyat qəzalarının bir qismi elə sükan arxasında telefondan istifadə etmə səbəbindən baş verir:
“Bu çox məsuliyyətsiz davranışlardan biridir. İnsan yolda özünün və bütün yol hərəkəti iştirakçılarının sərbəst hərəkətini təmin etməlidir. Sürücü qəza şəraiti yaratmaqla digər insanların da həyatına risk yaradır. Məsələ ilə bağlı Dövlət Yol Polisi (DYP) məşğul olur. Həm Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən belə hallar aşkarlanır, həm də kameralar yenilənir, ağıllı radar sistemləri qurulur. Beləliklə, sürücülər nəsuliyyətə cəlb olunurlar”, – deyə, ekspert qeyd edib.
Bəs, bu “trend” kimi görünən davranışların hüquqi nəticələri nədir və sürücüləri hansı cəzalar gözləyir? Sükan arxasında video çəkiliş aparılması qanun pozuntusu hesab olunurmu?
Suallarımıza cavab olaraq hüquqşünas Elnur Məmmədov isə bildirib ki, qanunvericilikdə bununla bağlı ayrıca maddə yoxdur:
“Nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə etmək, o cümlədən video çəkmək və belə paylaşımlar etmək inzibati məsuliyyət yaradır. Düzdür, qanunvericilikdə bu ayrıca maddə kimi göstərilməsə də, bu hərəkət “nəqliyyat vasitəsi idarə edilərkən əl ilə mobil telefondan istifadə” kimi qiymətləndirilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə nəzərdə tutulub. Əgər bu cür hallarda sürücü qəza törədərsə, bu zaman törətdiyi qəzaya uyğun olaraq əlavə məsuliyyətə cəlb edilir”.
Bəs, bu hal davamlı baş verərsə, sürücülük hüququnun məhdudlaşdırılması və ya lisenziyanın alınması mümkündürmü?
“Xeyr, bu maddə üzrə hər dəfə təkrarlanan hərəkətə görə də ancaq cərimə edilir. Ancaq dediyim kimi, bu halda hansısa qəza baş verərsə, həmin hadisə ilə bağlı məhdudlaşdırma nəzərdə tutulubsa, o halda tətbiq oluna bilər”.
















