“Greenpeace International” tərəfindən yayımlanan yeni hesabat körpə qidalarında istifadə olunan plastik qablaşdırmalarla bağlı ciddi narahatlıq yaradıb.
Cagdas.az xəbər verir ki, araşdırmada xüsusilə sıxıla bilən plastik kisələrdə satılan körpə qidalarının yüksək səviyyədə mikroplastik çirklənməyə məruz qaldığı bildirilib. Hesabata əsasən, bəzi məhsullarda bir porsiyada minlərlə, bəzi nümunələrdə isə on mindən çox mikroplastik hissəcik aşkarlanıb. Araşdırma zamanı müxtəlif beynəlxalq istehsalçıların körpə qidası məhsulları analiz edilib və bütün nümunələrdə mikroplastik izlərinə rast gəlinib. Müstəqil laboratoriya nəticələrinə görə, bəzi qablaşdırmalarda təxminən 5 min, digərlərində isə 11 mindən artıq mikroplastik hissəcik müəyyən olunub.
Bildirirlər ki, mikroplastiklərin mənbəyi yalnız xarici çirklənmə deyil, birbaşa qablaşdırma materialının özü ola bilər. Hesabatda qeyd olunur ki, çoxqatlı plastik kisələrin istehsalında istifadə olunan polimerlər sıxma, istilik və uzunmüddətli saxlama zamanı mikroskopik hissəciklər buraxa bilər. Bu isə körpələrin gündəlik qidalanması zamanı görünməz plastik yükə məruz qalması riskini artırır. Araşdırmada vurğulanır ki, körpələr mikroplastiklərin təsirlərinə böyüklərlə müqayisədə daha həssasdır. Onların aşağı bədən çəkisi, sürətli inkişaf dövrü və tam formalaşmamış immun və hormonal sistemi səbəbindən plastik mənşəli maddələrin təsiri daha ciddi nəticələr doğura bilər.
Alimlər mikroplastiklərin insan sağlamlığına uzunmüddətli təsirlərinin hələ tam öyrənilmədiyini desələr də, bəzi tədqiqatlarda hormonal sistemə və inkişaf proseslərinə mümkün təsirlər qeyd olunur. Hesabatda həmçinin plastik qablaşdırmanın ekoloji tərəfinə də diqqət çəkilib. Son illərdə istifadəsi sürətlə artan sıxıla bilən körpə qidası kisələrinin təkrar emal imkanlarının çox məhdud olduğu və bunun ətraf mühit tullantılarının artmasına səbəb olduğu bildirilib. Greenpeace istehsalçı şirkətləri mikroplastik riski ilə bağlı daha şəffaf məlumat paylaşmağa və plastik qablaşdırmalardan mərhələli şəkildə imtina etməyə çağırıb.(sfera.az)
















