Son dəqiqə
Reklam
Reklam

Menyunu telefondan açanlar DİQQƏTLİ olsun – Dələduzluq riski

Cəmiyyət

Restoranda sadəcə menyuya baxmaq üçün QR-kodu skan edirsiniz, amma açılan keçid sizi kiberdələduzların hədəfinə çevirə bilər.

Bəs masanın üzərindəki adi bir kod telefonunuzdakı şəxsi məlumatlar üçün necə təhlükə yarada bilər?

Cagdas.az xəbər verir ki, məsələ ilə bağlı Ekologiya.az-a açıqlama verən İT və kibertehlükəsizlik üzrə ekspert Fərid Əmirov bildirib:

“Restoran və kafelərdə rəqəmsal menyular üçün istifadə olunan QR-kodlar müştərilərə rahatlıq yaratsa da, kiberdələduzların məlumat oğurlamaq vasitəsinə çevrilir.

QR-kodları skan etməyin əsas risklərindən biri saxta internet səhifələrinə yönləndirilmədir. Dələduzlar orijinal kodun üzərinə saxta stiker yapışdıraraq müştəriləri bank kartı məlumatlarını oğurlamaq məqsədilə hazırlanmış səhifələrə yönləndirirlər”.

Ekspertin sözlərinə görə, QR-kodlardan istifadə zamanı açılan keçidin etibarlılığını yoxlamaq, şübhəli səhifələrə daxil olmamaq və bank kartı məlumatlarını naməlum platformalarda paylaşmamaq şəxsi məlumatların qorunması baxımından vacibdir:

“Bəzi hallarda QR-kod vasitəsilə açılan keçidlər zərərli proqramların yüklənməsinə və ya istifadəçinin xəbəri olmadan ödənişli xidmətlərə abunə olmasına səbəb olur.

Belə hallardan qorunmaq üçün QR-kodu skan etdikdən sonra açılan internet ünvanını yoxlamaq, kodun üzərinə sonradan yapışdırılmış şübhəli stikerlərə diqqət yetirmək və menyuya baxmaq üçün bank kartı məlumatları və ya şifrə tələb edən səhifələrə şəxsi məlumatları daxil etməmək vacibdir”.

“Müştərilərin təhlükəsizliyinin təmin olunmasında restoran və kafelərin rəhbərliyi də məsuliyyət daşıyır. İaşə obyektlərinin əməkdaşları masalarda yerləşdirilən QR-kodları mütəmadi yoxlamalı, menyulara keçidlərin düzgün və təhlükəsiz olduğuna əmin olmalıdırlar.

Rəqəmsal menyulardan təhlükəsiz istifadə üçün həm müştərilərin diqqətli olması, həm də iaşə obyektlərinin müvafiq təhlükəsizlik tədbirləri görməsi vacibdir”, – deyə mütəxəssis sonda əlavə edib.\modern.az\