Rusiyanın xarici işlər naziri Sergey Lavrov “3+3” formatında xarici işlər nazirlərinin görüşlərinin Bakı və İrəvanda keçirilməsini təklif edib.
Cagdas.az xəbər verir ki, Lavrov bu barədə Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Moskva görüşlərin keçirilmə ardıcıllığı ilə bağlı Azərbaycan və Ermənistan arasında razılığın əldə olunmasını gözləyir.
Rusiya XİN rəhbəri vurğulayıb ki, Moskva Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılmış “3+3” formatını fəal şəkildə dəstəkləyir.
Lavrov həmçinin bildirib ki, Rusiya hələlik TRIPP layihəsində iştirakla bağlı rəsmi müraciət almayıb. Bununla belə, maraqlı tərəflər Rusiyanın imkanlarından və layihədə iştirak etməyə hazır olduğundan xəbərdardırlar.
Nazir Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) ümumavrasiya istiqamətində inkişafını təşkilatın təbii inkişaf yolu adlandırıb.
O, tərəfdaşları Avrasiyada çoxqütblülüklə bağlı sənədin hazırlanmasına qoşulmağa dəvət edib.
Lavrov, eyni zamanda, Azərbaycana AQEM-ə sədrliyi dövründə uğurlar arzulayıb.


