Ukrayna ordusu müharibə tarixində ilkə imza atıb. Cəbhə xəttində yaralanan əsgər pilotsuz uçuş aparatı (PUA) vasitəsilə təxliyə edilib. Əməliyyatın görüntüləri saniyə-saniyə qeydə alınıb.
Çağdaş.Az xəbər verir ki, Ukrayna-Rusiya müharibəsində baş verən bu hadisə Ukrayna ordusunun 82-ci Əlahiddə Hücum Briqadası tərəfindən həyata keçirilib. Yaralı əsgərin təxliyəsi üçün ağır yük daşımaq qabiliyyətinə malik altı pərli drondan istifadə olunub.
82-ci Əlahiddə Hücum Briqadasının pilotsuz yerüstü sistemlər bölməsinin proqramçısı və bölmə komandiri Napalm əməliyyatı şərh edərkən bunun olduqca çətin, lakin nəticə verən bir missiya olduğunu bildirib.
“Bu, tarixi hadisədir. Yaralıların təxliyəsində hamınızın şahidi olacağı növbəti mərhələdir. Bu cür əməliyyatların davamlı xarakter alması üçün indi ciddi və sistemli işə başlayırıq”, – deyə o vurğulayıb.
Təxliyə görüntülərində yaralı əsgərin özünü PUA-ya bağladığı, daha sonra isə aparatın alçaq hündürlükdə uçaraq onu cəbhə xəttindən uzaqlaşdırdığı görünür.
Əməliyyat uğurla başa çatdıqdan sonra PUA operatoru yaralı əsgərə “Yer üzünə yenidən xoş gəldin” deyib.
Bildirilib ki, yaralı hərbçinin müalicə və reabilitasiya prosesi davam edir. Onun həyatı üçün təhlükə yoxdur.
Təxliyə əməliyyatı Ukrayna hökumətinin tibbi logistika sahəsində PUA-lardan istifadəyə dair eksperimental layihəni təsdiqləməsindən cəmi bir neçə gün sonra həyata keçirilib.
Ukraynanın baş naziri Sergi Koretski bildirib ki, müharibə şəraitində tibbi yüklərin avtomobil yolu ilə daşınması, xüsusilə də təxliyə və çatdırılma zamanı vaxt itkisinə səbəb ola bilər.
Onun sözlərinə görə, PUA-lar dərmanları, tibbi ləvazimatları, qan nümunələrini və donor orqanlarını, hətta ucqar ərazilərdə yerləşən xəstəxanalar arasında da daşımaq üçün istifadə oluna bilər.


