Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Avropa cəmiyyəti Rusiya ilə genişmiqyaslı müharibəyə nə psixoloji, nə də sosial baxımdan hazırdır.
Çağdaş.Az xəbər verir ki, Narışkin bu fikirləri MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin 22-ci iclasında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, müasir Avropa cəmiyyəti istehlakçılıq və transhumanizm ideyalarının təsiri altında formalaşıb və bu səbəbdən genişmiqyaslı hərbi qarşıdurmaya hazır deyil.
“İstehlakçılıq və transhumanizm üzərində formalaşmış Avropa cəmiyyəti obyektiv olaraq Şərqdə əvvəlcədən planlaşdırılmış genişmiqyaslı müharibəyə hazır deyil. Bu cəmiyyət həddindən artıq rahat həyata öyrəşib və müəyyən mənada deformasiyaya uğrayıb”, – deyə Narışkin bildirib.
O iddia edib ki, Qərb siyasətçiləri və onları dəstəkləyən maliyyə-sənaye dairələri “Şərqdən gələn təhlükə” tezisindən hərbi xərcləri kəskin artırmaq üçün istifadə edirlər.
Narışkinin sözlərinə görə, bu yanaşma müdafiə sənayesinin hərbi rejimə keçirilməsi, silahlı qüvvələrin, eləcə də avtomobil yolları və liman infrastrukturunun modernləşdirilməsi məqsədini daşıyır.
















