Xaricdə daimi yaşayan Ermənistan vətəndaşları parlament seçkilərində yalnız ölkədə fiziki olaraq olduqları təqdirdə səs verə biləcəklər.
Çağdaş.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Seda Qukasyan TASS-a açıqlayıb. O xatırladıb ki, 2012-ci ildə Ermənistan Seçki Məcəlləsinə edilən dəyişikliklər nəticəsində xaricdəki respublika vətəndaşları ölkədəki seçki proseslərində iştirak etmək hüququndan məhrum ediliblər: “Xaricdəki Ermənistan diplomatik nümayəndəliklərinin ərazisində seçki məntəqələri açılmır. Ermənistan vətəndaşı ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq, yalnız Ermənistanda fiziki olaraq olduğu təqdirdə səs verə bilər”.
Qukasyan qeyd edib ki, mövcud qanuna əsasən, Ermənistanın xaricdəki diplomatik və ya konsulluq nümayəndəliklərində xidmət edən respublika vətəndaşları, uzunmüddətli ezamiyyətdə olan və ya xaricdə təhsil alan hərbi qulluqçular, eləcə də onlarla birlikdə yaşayan və səs vermək hüququ olan ailə üzvləri üçün istisnalar mövcuddur: “Göstərdiyim şəxslər 29 may saat 8:00-dan 31 may saat 20:00-dək elektron səs verə biləcəklər. Elektron səsvermədə iştirak edən seçicilərin siyahısı 1 iyun saat 12:00-dək Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək”.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 7 iyunda keçiriləcək. Seçkidə on doqquz siyasi qüvvə iştirak etmək üçün Ermənistan Mərkəzi Seçki Komissiyasına ərizə təqdim edib. Siyahıya əsasən, seçkilərdə 17 partiya və iki partiya bloku iştirak edəcək.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası ilə yanaşı, seçkidə Rusiyanın dəstək verdiyi iki blok da iştirak edəcək: keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi Ermənistan (Hayastan) və Narek Karapetyanın rəhbərlik etdiyi Güclü Ermənistan. Rusiyalı iş adamı Samvel Karapetyanın təsis etdiyi Güclü Ermənistan blokuna Rusiyanın dəstəklədiyi Güclü Ermənistan, Yeni Dövr və Birləşmiş Ermənilər partiyaları daxildir./Musavat.com/
















