Onkoloji xəstəliklərin müalicəsi və ürək transplantasiyası əməliyyatlarının icbari tibbi sığorta hesabına qarşılanmasına ehtiyac var.
Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlament komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri onkoloji xəstəliklərin müalicə xərclərinin sığorta hesabına qarşılanmasının vacibliyini vurğulayıb. O bildirib ki, ambulator müalicə alan xəstələrin dərmanla təminatı məsələsi də dəfələrlə müzakirə olunsa da, hələ həllini tapmayıb. Deputat 2027-ci ildə ambulator müalicə üçün dərman xərclərinin sığorta hesabına qarşılanacağına ümid etdiyini bildirib.
Əmiraslanov son iki ildə Azərbaycanda ürək transplantasiyası əməliyyatlarının aparılmağa başlandığını da xatırladıb. O, bu əməliyyatların yüksək xərc tələb etdiyini bildirərək onların 2027-ci ildən icbari tibbi sığorta hesabına qarşılanmasını təklif edib.


