Artıq demək olar ki, bütün fənn müəllimləri sertifikatlaşdırmaya cəlb edilib.
Cagdas.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov media üçün brifinqdə deyib.
“İndiyədək 80 mindən çox müəllim bu prosesdən keçib, cari ildə isə bu rəqəmin 100 minə çatdırılması planlaşdırılır”.
E. Bağırov vurğulayıb ki, bu il ilk dəfə olaraq tarix, təsviri incəsənət, texnologiya, fiziki tərbiyə və musiqi fənn müəllimləri də sertifikatlaşdırmaya cəlb olunacaqlar.
Bu kateqoriyadan olan müəllimlərin sayı təxminən 20 min nəfərdir.
Onun sözlərinə görə, sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin sayı sentyabr ayından etibarən 90 minə çatdırılacaq.
Direktor əlavə edib ki, yüksək nəticə göstərən müəllimlər üçün əməkhaqqına 35 faiz, ümumilikdə prosesdən uğurla keçənlər üçün isə 10 faiz artım nəzərdə tutulur.
















