İkinci əl avtomobil bazarında maşının mühərriki və yürüşü qədər kuzov və şassi vəziyyəti də mühüm əhəmiyyət daşıyır. Son vaxtlar bəzi avtomobillərin alt hissəsində və şassisində korroziya ilə bağlı şikayətlər diqqət çəkir. Hətta bəzi avtomobillərin istehsal tarixindən cəmi 2-3 il keçməsinə baxmayaraq onların metal hissələrində ciddi paslanma əlamətləri müşahidə edilir.
Cagdas.az xəbər veriri ki avtomobil mütəxəssisi Sahil Ağabəyli Sfera.az-a açıqlamasında bildirib ki, Cənubi Koreyada, ABŞ-də və Avropanın bir çox bölgələrində yağışlı, nəm havalar müşahidə edilir.
Bundan başqa, bəzi soyuq bölgələrdə buz təbəqəsini əritmək üçün xüsusi kimyəvi maddələrdən istifadə edildiyini də deyən S.Ağabəyli söylədi ki, həmin kimyəvi maddələrdən istifadə edilməsi nəticəsində avtomobillərin şassi hissəsində həddindən artıq paslanma yaranır.
Mütəxəssis qeyd etdi ki, belə ölkələrdən idxal edilən avtomobillərdə paslanma, çürümə faktlarına tez-tez rast gəlinir. Buna görə də ekspert xaricdən avtomobil alınan zaman onun hansı ölkədən, hansı regionlardan gətirildiyini nəzərə almağı tövsiyə edir.

Digər avtomobil mütəxəssisi Dəniz Ağabəyli bildirib ki, avtomobilin kuzovunda, xüsusilə gövdənin birləşən hissələrində çürümələrin olması alıcı üçün ciddi xəbərdarlıq olmalıdır. Onun fikrincə, belə çürüklərin qaynaq və yamaq vasitəsilə bərpa edilməsi avtomobilin vəziyyətini tam etibarlı hala gətirmir:
“Bəzi Avropa ölkələrində gövdəsində çürük olan avtomobillər texniki baxışdan keçə bilmir. Azərbaycanda da bu cür tələblərin tətbiqi məqsədəuyğun olardı. Bəzi çürük avtomobillər qəza zamanı sürücünün ciddi xəsarət almasına, hətta həyatını itirməsinə səbəb ola bilər. Gövdə nə qədər çürük olarsa, qəza zamanı zərbə gücü sürücüyə bir o qədər çox ötürülə bilər”.

Ekspert paslanma və çürümə ilə yanaşı, ikinci əl avtomobillərdə digər məsələlərə də diqqət yetirilməsini vacib hesab edir. Onun fikrincə, qanad və qapılarda olan yüngül əziklər ciddi risk yaratmasa da, ön və ya arxa hissədən zərbələr avtomobillər üçün daha ciddi qiymətləndirilməlidir.
Mütəxəssis ikinci əl avtomobil almaq istəyən şəxslərə nəqliyyat vasitəsini əvvəlcədən etibar etdikləri ustaya yoxlatdırmağı tövsiyə edib. O qeyd edib ki, bu yolla avtomobildən istifadənin sonrakı aylarında və illərində yarana biləcək problemləri əvvəlcədən müəyyənləşdirmək mümkündür.
















