Hərbi qulluqçuların, dövlət qulluqçularının, deputatların və digər kateqoriyalara aid şəxslərin pensiya təminatı ilə bağlı yeni dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirə olunur. Təklif olunan dəyişikliklərdə pensiyaların hesablanması və indeksasiyası ilə bağlı fərqli yanaşmalar nəzərdə tutulur. Dəyişikliklərin gələcəkdə digər sahələrdə çalışanların pensiya və sosial təminatına da şamil edilib-edilməyəcəyi isə diqqət çəkir.
Cagdas.az məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev bildirib ki, layihə hökumət tərəfindən təqdim olunub və hazırda plenar iclasda müzakirə edilir:
“Layihə hərbi qulluqçular, dövlət qulluqçuları, deputatlar və digər aidiyyəti şəxslərin pensiyası ilə bağlı məsələləri əhatə edir. Bu, hökumətin təqdim etdiyi layihədir. İlk növbədə hərbi qulluqçularla bağlı müəyyən dəyişikliklər nəzərdə tutulur. Pensiya təminatı ilə bağlı məsələlərdə də müəyyən dəqiqləşdirmələrə ehtiyac var. Burada orta əməkhaqqı ilə bağlı yanaşma nəzərdə tutulur və bəzi məsələlərin konkret meyarlar əsasında tənzimlənməsi təklif edilir”.

Deputatın sözlərinə görə, pensiyaların artırılması məsələsində də fərqli yanaşmalar mövcuddur:
“Belə ki, 1170 manat və ondan aşağı məbləğdə pensiya alanların pensiyalarının indeksasiyasının bir qaydada, bu məbləğdən yuxarı pensiya alanların isə başqa qaydada hesablanması nəzərdə tutulur. Məqsədlərdən biri hərbi qulluqda olanların sayını qoruyub saxlamaqdır. Digər sahələrdə çalışanlarla bağlı isə hazırda konkret nəsə demək olmaz. Amma proses davam edərsə, digər sahələrin də nəzərdən keçirilməsi istisna deyil”.
Milli Məclisin sabiq deputatı, iqtisadçı Vahid Əhmədov bildirib ki, hərbi qulluqçuların pensiya təminatı ilə bağlı qaydaların təkmilləşdirilməsi müsbət haldır:
“Ümumiyyətlə, istənilən halda, istər hərbi qulluqçu, istərsə də dövlət qulluqçusu olsun, pensiya ilə əlaqədar hansı yeni qaydalar təkmilləşdirilirsə, bunu müsbət hal kimi qiymətləndirirəm. Xüsusilə hərbçilərlə əlaqədar məsələ, əlbəttə, həmişə diqqət mərkəzində olmalıdır. Çünki dünya hazırda çox ciddi böhran içərisindədir. Ciddi müharibələr gedir və bunun hələ nə vaxta qədər başqa bölgələrdə də davam edəcəyi gözlənilir. Ona görə də hərbçilərə diqqətin həmişə artırılmasına böyük ehtiyac var. Bu prosesi ümumiyyətlə çox yüksək qiymətləndirirəm”.
O qeyd edib ki, pensiya və müavinət sistemi yalnız hərbi və dövlət qulluqçuları ilə məhdudlaşmamalı, digər vətəndaşların sosial təminatının yaxşılaşdırılması da diqqətdə saxlanılmalıdır:
“Ümumiyyətlə götürəndə isə pensiya sistemi, müavinətlərlə əlaqədar məsələlərə baxmaq lazımdır. Dünyada və ölkədə gedən inflyasiya səviyyəsini nəzərə alsaq, bu proseslər yalnız hərbi qulluqçulara və dövlət qulluqçularına deyil, pensiya və müavinət alan digər insanlara da şamil olunmalıdır. Onların da müəyyən qədər təminatını yaxşılaşdırmaq üçün addımlar atılmalıdır. Söhbət yalnız dövlət sektorunda çalışan insanlardan, yəni səhiyyə, təhsil və digər sosial sahələrdən gedirsə, bunların da əməkhaqqına və ümumiyyətlə, pensiya təminatına baxmağa ehtiyac var. Son vaxtlar təhsil sistemində aparılan islahatlar öz bəhrəsini artıq verməkdədir. Mənim yadıma gəlir, Təhsil naziri Emin Əmrullayev də müəyyən müddət əvvəl bu islahatların həyata keçirilməsi ilə bağlı çıxışında qeyd etmişdi. Əlbəttə, islahat bir ilin, iki ilin söhbəti deyil, bunun üçün müəyyən vaxt lazımdır. Mən hesab edirəm ki, təhsildə islahatlar gedir. Mən bunu yüksək qiymətləndirirəm və bunun bəhrəsini 4-5 ildən sonra Azərbaycan xalqı hiss edəcək. Bu, çox əhəmiyyətli məsələdir”.

V.Əhmədov pensiya alan vətəndaşların sosial təminatının yaxşılaşdırılması üçün pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb:
“Pensiya təminatı ilə əlaqədar məsələyə gəldikdə isə, təxminən 1 milyon 200 minə yaxın pensiya alan insan var. Bayaq qeyd etdiyim kimi, əgər ölkədə inflyasiya gedirsə, hətta rəsmi statistikadan başqa, digər qeyri-rəsmi statistikada inflyasiyanın bir qədər də yüksək olduğunu nəzərdə tuturam, ona görə də bu insanların da müavinət və pensiya təminatına baxmaq lazımdır. Ümumiyyətlə, pensiya sistemində mexanizmlərin dəyişdirilməsinə böyük ehtiyac var. Bu sahəyə diqqət ümumiyyətlə böyük olmalıdır. Çünki pensiya alan insanlar, istər minimum pensiya, istərsə də müavinət alanlar müəyyən çətinliklərlə üzləşirlər. Məsələn, müavinət hazırda 220 manata yaxındır. Bu da böyük məbləğ deyil. Müavinət məsələsinə də baxmağa ehtiyac var. Ümumiyyətlə, bu sistemin yenilənməsinə çox böyük ehtiyac var. Fikir verirəm ki, son pensiya sistemi ilə əlaqədar dəyişikliklər də məhz istər hərbi qulluqçuların, istərsə də dövlət qulluqçularının pensiya sisteminin yaxşılaşdırılmasına yönəlib”.
Sabiq deputat səhiyyə sistemində də dəyişikliklərə ehtiyac olduğunu bildirib. O, xüsusilə icbari tibbi sığorta və səhiyyə sisteminin idarə olunması ilə bağlı problemlərin olduğunu qeyd edib:
“Əlbəttə, səhiyyə sisteminə də baxmaq lazımdır. Düzdür, son vaxtlar sığorta ilə əlaqədar müəyyən problemlər həll olunur, amma sığorta sisteminin özündə çox ciddi problemlər mövcuddur. Çünki sığortanın qəbul edilməsində əsas məqsəd insanların bundan daha çox öz sağlamlıqlarını qorumaq üçün istifadə etməsi idi. Amma çox təəssüflər olsun ki, mənim aldığım məlumatlara və gördüyüm müəyyən məsələlərə görə, sığorta ilə əlaqədar ciddi problemlər yaşanmaqdadır”.


