1721-ci ildən bəri Böyük Britaniyada 81 dəfə baş nazir dəyişib. 50-dən çox şəxs bu kürsüdə əyləşib (ayrı-ayrı vaxtlarda 2-3 dəfə baş nazir postu tutanlar olub). Onların yeddisi hakimiyyətdə 10 ilin içində olub.
Britaniya siyasətində baş nazirlərin bir-birini tez-tez (orta hesabla 1,6 ildən bir) əvəz etməsi ilə müşayiət olunan qeyri-sabitlik dövrü 2016-cı ildə başlayıb. Ölkə seçiciləri referendumda Avropa İttifaqından çıxmağa (“Brexit”) səs verib və o vaxtkı baş nazir Devid Kemeron ertəsi gün səhər istefasını elan edib.
Tereza Mey (2016, iyul – 2019, iyul)
2010-cu ildən Böyük Britaniyada hakim partiya olan Mühafizəkarlar partiyası “Brexit” olayından və Kemeronun istefasından sonra Tereza Meyi özünə yeni seçib. Mey əvvəllər Aİ üzvlüyünün tərəfdarı olsa da, ölkəni ittifaqdan çıxarmaq vəzifəsi onun üzərində qalıb.
“Brexit” danışıqları mühafizəkarların parlamentdəki çoxluğunun böyük olmamasına görə çətinləşib. Bu, Meyin Brüssellə danışıqlarından sonra təqdim etdiyi müqavilələrin təsdiqlənməsinə maneə olub. 2017-ci ilin yazında Mey növbədənkənar seçkilər təyin etmək qərarına gəlib. Lakin mühafiəkarlar mövqelərini gücləndirmək əvəzinə, üstünlüklərini də itiriblər və bu, hər hansı ciddi qərar qəbul etməyi daha da çətinləşdirib.
Təxminən iki il ərzində Mey Avropa İttifaqı ilə “boşanma” şərtləri üzərində danışıqlar aparıb, lakin parlament onun yekun razılaşmasını rədd edib. Yalnız müxalifət deyil, həm də onun öz partiyasının onlarla üzvü əleyhinə səs verib. Sənəd üç dəfə səsə qoyulub və hər üç dəfə uğursuz olub.
2019-cu ilin yazına qədər Meyin “Brexit”i parlamentdən keçirə bilməyəcəyi aydın olub və 24 mayda o, göz yaşları içində istefa verdiyini elan edib.
Boris Conson (24 iyul 2019 – 6 sentyabr 2022)
Mühafizəkarlar Meyin yerini Londonun keçmiş meri və “Brexit” kampaniyasının aparıcı fiqurlarından biri olan Boris Consona etibar ediblər. Conson partiyanın sıravi üzvlərinin səsini inandırıcı şəkildə qazanıb və 24 iyul 2019-cu ildə baş nazir olub.
Mey kimi, onun da parlamentdə həlledici çoxluğu olmayıb. Brüssellə yeni “Brexit” müqaviləsi üzrə danışıqlar apardıqdan sonra o, “Brexiti bitirin” şüarı altında növbədənkənar seçkilər elan edib. 2019-cu ilin dekabrında mühafizəkarlar Tetçer dövründən bəri ən yaxşı nəticəsini əldə edərək 80 yerlik çoxluq qazanıblar. 31 yanvar 2020-ci ildə Birləşmiş Krallıq rəsmi olaraq Avropa İttifaqından çıxıb.
Conson Kiyevə hərbi və siyasi yardımın ən səs-küylü tərəfdarı və Ukrayna paytaxtına səfər edən ilk G7 lideri olub.
Lakin Consonun karantin dövründə, adi britaniyalıların hətta ölən qohumlarını da ziyarət etməsi qadağan edildiyi zaman, Dauninq küçəsində ziyafətlər keçirməsi ona baha başa gəlib. Polis Consonu cərimələyib – bu, ilk dəfə olaraq mövcud baş nazirin qanunu pozduğu rəsmi olaraq müəyyən edilib.
Conson həmçinin cinsi təcavüzdə ittiham olunan Kris Pinçeri partiya rəhbərliyinə gətirib. Bu, daha bir qalmaqala səbəb olub. Təzyiqlərə baxmayaraq, baş nazir istefa verməkdən imtina edib. Lakin hökumət dağılmağa başlayıb: iki gündə 60-dan çox nazir və məmur istefa verib. Nazirlər Kabinetində xidmət edəcək az adam qaldığı üçün Conson artıq vəzifəsini davam etdirə bilməyib. 7 iyul 2022-ci ildə o, istefa verdiyini elan edib.
Liz Trass (6 sentyabr – 25 oktyabr 2022)
Consondan sonra xarici işlər naziri Liz Trass maliyyə naziri Rişi Sunaka qalib gələrək hakim partiyanın və hökumətin başına keçib. 6 sentyabr 2022-ci ildə kraliça II Yelizaveta onu baş nazir vəzifəsinə təsdiqləyib. Lakin iki gün sonra kraliça vəfat edib və ölkə Trassın baş nazirliyinin ilk həftələrini matəm içində keçirib.
Yas dövrü bitdikdən sonra Trass əsas vədi olan vergiləri kəskin şəkildə azaltmağa başlayıb. Lakin bu siyasət funtun dollara qarşı tarixi minimuma düşməsinə, kreditlər və ipoteka üzrə faiz dərəcələrinin artmasına və İngiltərə bankının pensiya fondlarının iflasdan xilas edilməsi üçün təcili olaraq dövlət istiqrazlarını almağa məcbur olmasına səbəb olub.
19 oktyabrda parlamentdə müxalifət üzvləri ilə debat zamanı Trass ucadan deyib: “Mən mübarizəm, təslim olan deyiləm”. Lakin bu bəyanatın sutkası tamam olmamış o, istefa verdiyini elan edib. Beləliklə, növbəti “dəmir ledi” olacağı gözlənilən Trassın hakimiyyət müddəti 49 gün olub. Bu, Britaniya tarixində ən qısa müddətdir.
Rişi Sunak (25 oktyabr 2022 – 5 iyul 2024)
Trassdan sonra Rişi Sunak maneəsiz şəkildə partiya sədri və baş nazir seçilib. 25 oktyabr 2022-ci ildə o, yeni kral III Çarlz tərəfindən təsdiqlənib. Beləcə, Britaniya bir il ərzində üçüncü baş nazirini seçicilərin iştirakı olmadan qəbul edib.
Sələfləri kimi, Sunak da sabitliyi bərpa edəcəyinə söz verib. Onun beş əsas məqsədi olub: inflyasiyanı yarıya endirmək, iqtisadi artımı bərpa etmək, dövlət borcunu azaltmaq, xəstəxana növbələrini ləğv etmək və La-Manş kanalından qanunsuz miqrantları daşıyan qayıqların axınına son qoymaq. Xarici siyasət əsasən dəyişməz qalıb. Britaniya Ukraynanı dəstəkləməyə davam edib və Qərbdə Kiyevə tanklar vəd edən ilk ölkə olub.
Seçkilər vaxtı hökumət yalnız bir vədi yerinə yetirdiyini inamla iddia edə bilərdi: inflyasiyanı yarıya endirə bilmişdi. 2024-cü ilin yazında Sunak növbədənkənar seçki elan edib. Lakin bu addım uğursuz olub: 4 iyul 2024-cü ildə mühafizəkarlar iki əsrlik tarixlərində ən böyük məğlubiyyətə uğrayıblar və 365 yerdən yalnız 121-ni qazanıblar. Sunak seçicilərin qərarını qəbul edərək istefa verib.
Kir Starmer (5 iyul 2024 – 20 iyul 2026)
Mühafizəkarlarin yerinə hakimiyyətə Kir Starmerin rəhbərlik etdiyi Leyboristlər partiyası gəlib.
Starmer xalqa dəyişiklik vəd edib: iqtisadiyyatı dirçəltmək, 1,5 milyon ev tikmək, enerji xərclərini azaltmaq və insanların hökumətin fəaliyyət qabiliyyətinə inamını bərpa etmək. Lakin hökumət tərəfindən təklif edilən tədbirlər populyar olmayıb.
Hökumət vergiləri artırmağı və təqaüdçülər üçün istilik ödənişlərini azaltmağı planlaşdırıb. Bu, həm seçicilər, həm də Leyboristlər partiyasının öz daxilində narazılığa səbəb olub və Starmeri kursunu dəyişməyə məcbur edib.
Starmerin cinsi cinayətkar kimi məhkum edilmiş mərhum maliyyəçi Ceffri Epşteynlə əlaqələri olan Peter Mendelsonu Böyük Britaniyanın ABŞ-dakı səfiri təyin etməsi öllkədə və hakim partiyada narazılıqlara səbəb olub. Mendelson və Epşteyn arasında yeni yazışmaların dərc olunmasından sonra ictimai qalmaqal yaranıb. Starmer səfiri vəzifəsindən azad etmək məcburiyyətində qalıb və bu, hökumətin onsuz da aşağı düşən reytinqlərinə daha da zərər verib.
Baş nazir heç olmasa öz partiya üzvlərinin dəstəyini qazanmaq üçün mübarizə aparıb. Parlament üzvləri onun qərarlarına qarşı çıxaraq, onu geri çəkilməyə məcbur ediblər və qarşısında açıq şəkildə istefa tələbi qoyublar. 2026-cı ilin yazında leyboristlərin yerli seçkilərdə uğursuzluqla üzləşməsi və sorğularda 19%-ə düşməsi partiya liderlərini panikaya sakıb və onlar Starmerin yerinə Endi Börnemi gətirərək vəziyyətdən çıxmağı hədəfləyiblər.
Hazırda Börnemin də əleyhdarları var. Britaniya baş nazirləri haqqında kitabların müəllifi tarixçi Entoni Seldona görə, ölkə “çox dərin bir çuxurda”dır: “Əgər Endi Börnem baş nazir vəzifəsində uğursuz olarsa, Britaniyanın perspektivləri qaranlıqdır”.
Yazının başlığında Birləşmiş Krallığın 61-ci və 63-cü baş naziri olmuş Uinston Çörçillin xatırlanması təsadüfi deyil. Ölkəsini II dünya müharibəsində ən az itki verərək 3 qalibdən biri edən Çörçill cəmi iki ay sonra seçkilərdə məğlub olub. “Dünənki işinə görə sağ ol, bu gün tələb başqadır” deyən Britaniya seçiciləri onun partiyasına səs verməyiblər. Ənənə davam edir. Britaniyada iyul ayı yenə də baş nazirlərə düşərli olmur./Musavat.com/
















