“Qarabağ” heyəti gücləndirmək üçün yeni futbolçu axtarışlarını davam etdirir.
Cagdas.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Kiyev “Dinamo”su ilə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçından öncə mətbuat konfransında deyib.
“Axtarışlarımız davam edir. Heyətə yeni futbolçular cəlb etmək istəyirik. İnanıram ki, istədiyimiz futbolçuları komandaya dəvət edə biləcəyik”, – mütəxəssis vurğulayıb.
Q.Qurbanov komandanın qolkiperi Mateuş Koxalskinin psixoloji durumu haqqında danışıb:
“Koxalskinin psixoloji vəziyyəti qaydasındadır. Ümumiyyətlə, tənqidləri qəbul etməliyik. Hətta uduzduğunuz oyunlarda belə bizi bəzən alqışlayıblar. Koxalski ÇSKA ilə Sofiyadakı oyunda sadəcə penaltilər seriyasında kömək edə bilmədi. Oyunlardakı çıxışı qənaətbəxş idi, narazı qalmadım. Məğlub oluruqsa, tənqid də olunmalıyıq”.
O. Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümü ilə bağlı fikirlərini də bölüşüb:
“Növbəti çempionat daha gərgin keçəcək. Daha səliqəli və diqqətli hazırlaşmalıyıq. Amma hələ avrokubokları düşünürük”.
Qeyd edək ki, “Dinamo” – “Qarabağ” matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı “Lublin Arena”da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.(modern.az)
















