Son dəqiqə

Rusiyada An-22 hərbi yük təyyarəsi qəzaya uğradı

Dünya

Rusiyanın Müdafiə Nazirliyinə məxsus An-22 tipli hərbi yük təyyarəsinin qəzaya uğradığı bildirilib. Məlumata görə, təyyarədə 7 nəfərlik ekipaj olub.

Qəza paytaxt Moskvanın şimal-şərqində yerləşən İvanovo bölgəsində, hələlik müəyyən edilməmiş səbəbdən baş verib.

Cagdas.az-ın REN TV-yə istinadən məlumatına əsasən, hadisədən dərhal sonra əraziyə təcili yardım və xilasedici qruplar göndərilib.

Rəsmilər indiyə qədər hər hansı yaralanma və ya ölüm faktının qeydə alınmadığını, qəzaya nəyin səbəb olduğunun araşdırıldığını bildirib.

İlkin məlumatlara görə, qəzaya düşən təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus olub. Nazirlik isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

TASS xəbər agentliyi yazır ki, təyyarə test uçuşu zamanı Uvodskoye su anbarının yaxınlığına düşüb. Təyyarənin qopan bəzi hissələri su anbarında tapılıb.

Təyyarədə olan 7 ekipaj üzvü barədə rəsmi məlumat yaxın saatlarda dəqiqləşdiriləcək.

Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələri 2024-cü ilin yayında An-22 təyyarələrinin hərbi-nəqliyyat əməliyyatlarından çıxarılacağını açıqlamışdı.