Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Media Nəzarəti üzrə Federal Xidmət Rusiyada Roblox platformasını uşaqlara mənfi təsir göstərdiyi səbəbilə bloklayıb.
“Cagdas.az” Rusiya mətbuatına istinadən bildirir ki, Qurumun məlumatına görə, ekstremist və terror fəaliyyətini təbliğ edən materialların geniş yayılması platformaya girişin məhdudlaşdırılmasına səbəb olub. Aparılan monitorinq nəticəsində ABŞ mənşəli internet xidmətində uşaqların inkişafına və psixi sağlamlığına zərər verə biləcək çox sayda uyğunsuz məzmun aşkar edilib.
Məlumata əsasən, Roblox müxtəlif oyun məkanlarında qeyri-qanuni fəaliyyətlər üçün də imkan yaradır. Belə ki, platformada istifadəçilər məktəblərə hücum ssenariləri qura və ya qumar oyunları ilə məşğul ola bilirlər. Bundan başqa, pedofillərin Roblox vasitəsilə uşaqları hədəf alması halları artıb. Onlar azyaşlılardan intim şəkillər tələb edir və söhbət otaqlarında görüşlərə cəlb etməyə çalışırlar. Belə hallar uşaqların cinsi istismara məruz qalması ilə nəticələnir.
Qeyd edək ki, daha əvvəl pedofillərin əsasən 14 yaşdan kiçik məktəbliləri hədəfə aldıqları bildirilib. Rusiyada son üç ay ərzində Roblox-un qadağan edilməsi ilə bağlı iki rəsmi müraciət daxil olub. Bir il əvvəl isə platformada uşaqlara qarşı genişmiqyaslı fırıldaqçılıq dalğası qeydə alınmışdı.


